Reklam
Reklam

Tarix terminləri lüğəti

bəstə oturma

Bəstdə keçirilən kütləvi etiraz tədbiri.

B.O. İranda, o cümlədən Cənubi Azərbaycanda daha geniş yayılıb: narazı qüvvələr toxunulmaz hesab edilən yerlərdə (nüfuzlu ruhanilərin evlərində, müqəddəs ocaqlarda və xarici ölkələrin səfirliklərində) toplaşaraq hökumətə öz etirazlarını bildirirlər. XX əsrin əvvəlində Bakıdakı neft mədənlərində işləyən Cənubi Azərbaycan fəhlələri də etiraz forması kimi tez-tez bəstə oturublar. İranda Məşrutə inqilabı (1905–1911) dövründə siyasi mübarizədə bu üsuldan tez-tez istifadə edilib.

Tarix terminləri lüğəti

bəylərbəyi

1. Səfəvilər dövlətində böyük inzibati ərazi vahidini idarə edən şəxs.

Səfəvi şahları B.-ləri qızılbaş əyanları və sahzadələrindən təyin ediblər. İnzibati hakimiyyət və yerli qoşuna başçılıq səlahiyyəti B.-ndə olub.

2. Osmanlı imperiyasında əyalət hakimi.

B. müharibə zamanı qoşuna, 1864-cü ildən isə yeniçəri hissələrinə başçılıq edib, paşa və mirimiran titulu da daşıyıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti

bəylərbəyilik

Osmanlı imperiyasında və Səfəvilər dövlətində (XVI–XVIII əsrlər) ən böyük inzibati ərazi vahidi.

B.-ləri bəylərbəyi idarə edib. XVII əsrdə Səfəvilər dövləti 13 B.-ə bölünüb, o cümlədən Azərbaycan ərazisində 3 B. (Şirvan – mərkəzi Şamaxı, Qarabağ – mərkəzi Gəncə, Azərbaycan – mərkəzi Təbriz) yerləşib. Səfəvilər dövlətində şaha və hökmdar sülaləsinə məxsus torpaqlar heç bir B.-ə daxil olmayıb.

Tarix terminləri lüğəti

bidət

ər. – yenilik gətirən, küfr

Hakim dinin əsas ehkamlarını qəbul etməyən “yeni təlim”.

B. bütün dünya dinlərində mövcud olub. Forma etibarilə B.-i dini təriqətçilik kimi də qəbul etmək olar. İslam dinində B. məfhumuna xristianlıqdakı B. (ересь) anlayışından daha geniş məna verilir. Xristianlıqda dini ehkamçılığın, ilahiyyatın ikincidərəcəli məsələləri ətrafında əqidə ixtilafları B. sayılmır. İslam dinində isə ayindən cüzi kənaraçıxma halları da B. kimi qiymətləndirilir. Ümumiyyətlə, B. islamda ən böyük günahlardan biri sayılır və ona dindəki qanunlara təcavüz kimi baxılır. Bütün dinlərdə B.-çilər kəskin təqib və terrora məruz qalıblar. İslam B.-lərindən xaricilik, qərmətilik, hürufilik və s. daha geniş yayılıb.

Tarix terminləri lüğəti

bisti

fars. – iyirmi

Səfəvi şahı I Təhmasibin (1524–1576) dövründə buraxılmış 20 dinara bərabər xırda gümüş sikkə.

B-nin orta çəkisi təqribən 1 qram olub. XVII əsrin sonlarınadək o, Səfəvilər dövlətinin sikkə dövriyyəsində işlədilib.

Tarix terminləri lüğəti