Reklam
Reklam

Tarix terminləri lüğəti

çürük yerlər

XVIII əsrin sonu – XIX əsrdə Böyük Britaniyada, demək olar, əhalisiz qalmış, lakin parlamentdə öz nümayəndəliyini qoruyub saxlamış qədim kənd və şəhərciklərdən ibarət ərazilərə verilən ad.

Belə ərazilərə ingiliscə rotten boroughs (rotten – çürük + borough – kənd, şəhərcik) deyilir. Ç.Y. həmin torpaqların sahibi olan lendlordların işinə çox yarayırdı, onların məhdud sayda seçicinin səsini pul və digər üsullarla “satın alaraq” parlamentə deputat seçilməsini asanlaşdırırdı. 1831-ci ildə ingilis parlamentində 406 deputatdan 152-nin yüzdən, 88-nin isə əllidən az seçicisi var idi. Eyni zamanda Mançester, Birmingem kimi sürətlə inkişaf edən şəhərlərin tarixi bölgü sisteminə görə parlamentə öz nümayəndəsini göndərmək hüququ yox idi. 1832-ci ildə həyata keçirilən islahat nəticəsində Ç.Y.-dən 56-nın parlamentə nümayəndə göndərmək hüququ ləğv edildi, daha 30-nun təmsilçiliyi yarıbayarı azaldıldı. Boşalan yerlər 42 sənaye mərkəzi arasında bölüşdürüldü. 1867-ci ildə – 46, 1885-ci ildə isə daha – 105 Ç.Y.-in təmsilçiliyi ləğv olundu.

Tarix terminləri lüğəti

daxmalı qul

Qədim Romada daxma tikməyə və ailə qurmağa icazə verilən qul.

Qul öz əməyinin nəticəsində maraqlı olmadığı üçün Qədim Romada II–III əsrlərdən başlayaraq quldarlıq quruluşu tənəzzül dövrünə qədəm qoyub. Vəziyyətdən çıxmaq və qulların daha məhsuldar işləməsinə stimul yaratmaq üçün sahibləri onlardan bəzilərinə kiçik torpaq sahələri, əmək alətləri, toxum, iş heyvanı paylayıblar, habelə ev tikməyə və ailə qurmağa icazə veriblər. Belə qullar D.Q.-lar adlandırılıblar.

Tarix terminləri lüğəti

dairəvi evlər

Yaxın Şərq ölkələrində, eləcə də Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış evləri.

Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış məskənlərində belə evlər aşkar edilib. Daşdan, yaxud çiy kərpicdən tikilən D.E.-in divarları və torpaq döşəməsi saman qarışdırılmış gillə suvanıb. Konusvarı və ya günbəz formalı tavanı saxlayan mərkəzi dirəyi bərkitmək üçün evlərin ortasında kiçik çuxurlar qazılıb, yaxud yastı daşlar qoyulub. Əkinçilik və maldarlıqla məşğul olan tayfaların yaşadıqları D.E.-i qızdırmaq məqsədilə gil manqaldan, ocaqdan, habelə kürədən istifadə edilib.

Tarix terminləri lüğəti

dalay-lama

monq. dalay – okean (ali, ən müdrik mənasında) + tibet. bla ma – müəllim

XVI əsrdən Tibetdə lama kilsəsində baş kahinin titulu.

XVII əsrdən başlayaraq Tibetdə həm dini, həm də dünyəvi hakimiyyət D.-L.-nın əlində cəmləşib. 1959-cu ildə isə Tibetdə Çinin kommunist rejiminə qarşı üsyan yatırıldıqdan sonra sonuncu – XIV D.-L. xaricə mühacirət edib.

Həmçinin bax:

Tarix terminləri lüğəti