Reklam
Reklam

Tarix terminləri lüğəti

ilhaq

ər. – birləşdirmə, qovuşdurma

Hər hansı dövlətin ərazisinin, yaxud onun bir hissəsinin qeyri-qanuni yolla (zorakılıqla, qəsb edilməklə) digər dövlətə birləşdirilməsi.

Beynəlxalq hüquqa görə, İ. təcavüzün formalarından biri hesab olunur və buna görə beynəlxalq-hüquqi məsuliyyət nəzərdə tutulur. İ. işğaldan fərqlənir. Belə ki, işğal ərazinin hüquqi mənsubluğunun avtomatik olaraq dəyişdirilməsi ilə nəticələnmir. Dağlıq Qarabağ və onun ətrafındakı Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunsa da, növbəti onilliklərdə qonşu dövlət həmin torpaqları İ. etməkdən (rəsmi surətdə öz ərazisinə birləşdirməkdən) çəkinib. Rusiya isə 2014-cü ildə Krımı İ. edib, yəni hüquqi cəhətdən öz ərazisinə qatıb.

Tarix terminləri lüğəti

ilekxan

Qaraxanilər sülaləsindən (927–1212) olan əyalət hakimlərinin titulu.

İ. “xan” titulundan bir rütbə aşağı sayılıb. Bəzi mülahizələrə görə, bu termin Mavəraünnəhri fəth etmiş Arslan-ilek Nəsr ilə Qaraxani hökmdarı Arslan Qara xan Əhməd ibn Əlinin adlarının müsəlman mənbələrində qarışdırılması nəticəsində meydana gəlib. Bir sıra tarixi qaynaqlarda Qaraxanilər dövləti “İ. krallığı” kimi də göstərilib. Qaraxanilərin sikkələrində də “İlek” sözünə rast gəlmək olur.

Tarix terminləri lüğəti

illirizm

XIX əsrin 30–40-cı illərində Xorvatiyada geniş yayılaraq digər cənubi slavyan vilayətlərinin ictimai həyatına da təsir göstərmiş siyasi-mədəni hərəkat.

Onun əsas məqsədi bütün cənubi slavyan torpaqlarını əhatə edən “Böyük İlliriya” yaratmaq olub. Bu hərəkatın ideoloqları cənubi slavyanları qədim illiriyalılardan törəmiş vahid xalq hesab edib, ilkin mərhələdə onların ədəbi-dil birliyinin yaradılmasına çalışıblar. Həmin birlik cənubi slavyanların gələcək siyasi birliyinin əsası sayılıb. 1849-cu ildə Habsburqlar imperiyasında əks-inqilabın qələbəsi ilə İ. iflasa uğrayıb, lakin o, xorvat mədəniyyəti və ədəbiyyatının inkişafına güclü təkan verib.

Tarix terminləri lüğəti

ilotlar

yun. heilotes

Qədim Spartanın dorilər tərəfindən tabe edilmiş əkinçi əhalisi.

Dövlətin mülkiyyəti sayılan İ. ayrı-ayrı spartalılara məxsus torpaq sahələrinə təhkim olunublar. Sosial statuslarına görə onlar qullara yaxın hesab ediliblər, lakin sonunculardan torpağı əkib-becərmək üçün zəruri istehsal vasitələrinə və şəxsi təsərrüfata malik olmaları ilə fərqləniblər. Sahiblərinin İ.-ı satmaq və öldürmək hüququ olmayıb. İ. məhsulun təxminən yarısını natural vergi şəklində ağalarına veriblər. Sayca özlərindən bir neçə dəfə çox olan İ.-ı itaətdə saxlamaq məqsədilə spartalılar onları daim fizikli və mənəvi terrora məruz qoyublar.

Tarix terminləri lüğəti

imam

ər. – öndə dayanma, rəhbərlik etmə

1. İslamda dini rəhbər, müsəlman icmasının başçısı.

Məhəmməd peyğəmbər, onun ölümündən sonra isə xəlifələr İ. titulu daşıyıblar. Onlar həm dini, həm də dünyəvi hakimiyyətə malik olublar. İ. titulunu kimin daşıması və onun mahiyyəti barədə mübahisələr islamın sünnilikşiəlik təriqətlərinə parçalanmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Sünnilikdə İ. dini və dünyəvi hakimiyyətə malik hökmdar olduğu halda, şiəlikdə o, insanla Allah arasında vasitəçi rolunu oynayan müqəddəs şəxs sayılır. Bundan əlavə, sünnilikdə İ. seçilir və ya təyin edilirsə, şiəlikdə həmin titul Əli ibn Əbu Talibin nəslindən olanlara irsən keçir. Bu səbəbdən şiələr Əlini birinci İ. sayırlar.

2. Sünnilik təriqətində mövcud olan dörd rəsmi məzhəbin (hənəfilik, malikilik, şafiilikhənbəlilik) başçıları.

3. Müsəlman teokratik dövlətlərində hökmdar; məs.: Əməvilər və Abbasilər dövlətlərində xəlifə, Osmanlı imperiyasında sultan və s.

4. Məsciddə ümumi ibadətə başçılıq edən ruhani.

Tarix terminləri lüğəti

imamlıq

ər. – öndə dayanma, rəhbərlik etmə

Dini və dünyəvi hakimiyyəti özündə birləşdirən islam dövlətçiliyi institutu, müsəlman teokratiyasının formalarından biri.

Yeni dövrdə bu hakimiyyət forması XIX əsrin 20-ci illərinin sonunda Dağıstan və Çeçenistan ərazisində müridlərin yaratdıqları dövlətdə özünü bariz şəkildə göstərib. 1917–1921-ci illərdə Şimali Qafqaz xalqlarını bolşeviklərə qarşı mübarizədə sıx birləşdirmək məqsədilə bir sıra yerli xadimlər İ. ideyasından bəhrələnməyə çalışıblar.

See also:

Tarix terminləri lüğəti