Reklam
Reklam

Tarix terminləri lüğəti

inklər

isp. inca, inga

XI–XIII əsrlərdə Peruda (Cənubi Amerika) məskunlaşaraq 1438-ci ildə yaranmış qüdrətli İnklər imperiyasında (Tauantinsuyu dövlətində) hakim etnik qüvvəyə çevrilən hindu tayfası.

İ. imperiyası müasir Peru, Boliviya, Ekvador, Çilinin şimal və Argentinanın şimal-qərb ərazilərini əhatə edib. Hindular yalnız imperatoru “İnka” adlandırsalar da, konkistadorlar bu termindən bütün tayfanın ekzoetnonimi kimi istifadə etməyə başlayıblar. İ. isə özlərinə “kapak-kuna” (böyük, şöhrətli) deyiblər. Onlar Cənubi Amerikanın ən qədim və yüksək inkişaf etmiş sivilizasiyalarından birinin yaradıcıları sayılırlar. İspanlar tərəfindən fəth olunmuş İ. keçua xalqının tərkibinə daxil olublar.

Tarix terminləri lüğəti

inkvizisiya

lat. inquīsītiō – təhqiqat, axtarış

XIII–XIX əsrlərdə katolik kilsəsində bidətçilərin işləri üzrə xüsusi kilsə məhkəməsi.

İ. azadfikirliliyin hər cür təzahürünə və kilsə daxilində müxalif düşüncəyə qarşı mübarizə vasitəsi olub. 1231-ci ildə papa IX Qriqori bidətçilərin izlənilməsini xüsusi müvəkkillərə – inkvizitorlara tapşırıb. Bundan sonra Avropanın bir sıra ölkəsində İ. tribunalları təsis edilib. Təhqiqat işləri, hökmün çıxarılması və yerinə yetirilməsi bütünlüklə onlara tapşırılıb. Toxunulmazlıq statusuna malik İ. tribunallarının üzvləri yerli dünyəvi və dini hakimiyyətə deyil, birbaşa papanın özünə tabe olublar. XV–XVII əsrlərdə Avropada on minlərlə insan İ.-nın qurbanı olub, tonqallarda yandırılıb. Belə kilsə məhkəmələri XVIII əsrdə Avropanın əksər ölkələrində, XIX əsrdə isə Portuqaliya (1820), İspaniya (1834) və Papa vilayətində (1859) ləğv edilib.

Tarix terminləri lüğəti

inqilab

ər. – çevriliş, dəyişmə, başqa şəkil alma

Öncəki keyfiyyət halının tam və açıq inkarı ilə müşayiət olunan cəmiyyətdə, təbiətdə, təfəkkürdə radikal keyfiyyət dəyişikliyi, sıçrayış.

Məhz yeni mərhələyə, formaya sıçrayışlı keçid İ.-ı təkamüldən fərqləndirir. İ.-lar təbiətdə (geoloji İ.), cəmiyyətdə (sənaye İ.-ı, mədəni İ., demoqrafik İ., siyasi və sosial İ.-lar), elmdə (elmi-texniki İ.) baş verə bilər. Siyasi çevrilişlərlə müşayiət olunan İ.-lar, bir qayda olaraq, zorakı üsullarla həyata keçirilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

interdikt

lat. interdictum – yasaq, qadağa

Katolik kilsəsində papa (bəzən yepiskop) tərəfindən müəyyən ərazidə ibadətin və dini mərasimlərin icrasına qoyulan müvəqqəti qadağa.

Əksər hallarda İ. bütöv ölkə (1180-ci ildə Şotlandiya, 1200-cü ildə Fransa, 1208-ci ildə İngiltərədə) və şəhərlərdə tətbiq olunub, bəzi hallarda isə konkret şəxslərə aid edilib. İ.-dən hökmdarların papa hakimiyyətinə tabe etdirilməsi, habelə bidətə qarşı mübarizə vasitəsi kimi istifadə olunub. Belə qadağalar XI–XIII əsrlərdə daha geniş yayılıb, terminin özünə isə ilk dəfə VI əsr qaynaqlarında rast gəlinir. Müasir dövrdə İ. təzyiq, yaxud cəza forması kimi, demək olar ki, öz əhəmiyyətini itirib, lakin kanonik hüquqda o hələ də qalmaqdadır.

Tarix terminləri lüğəti

İntibah dövrü

ər. intibah – oyanma, ayılma

XIV əsrin əvvəlində İtaliyada əsası qoyulmuş, XVI əsrdə öz zirvə nöqtəsinə çatmış intellektual və mədəni çiçəklənmə dövrü.

Bu dövr həm də «Renessans» (fr. renaissance – oyanma) adlandırılır. İ.D. Avropa mədəniyyəti tarixində orta əsrləri əvəzləyib, onun sonrakı inkişafına böyük təsir göstərib və maarifçilik dövrünün ərəfəsi olub. İ.D. mədəniyyətinin fərqləndirici xüsusiyyətlərini onun dünyəviliyi, humanizmi, insanı ön plana çəkməsi, eləcə də antiklerikal ruhu təşkil edib. Həmin dövr eyni zamanda antik mədəni irsə marağın kəskin şəkildə artması ilə səciyyələnir. “İntibah” (“renessans”) termini də buradan yaranıb. İlk dəfə XVI əsrdə italyan humanistləri tərəfindən işlədilmiş bu termini müasir anlamda elmi dövriyyəyə XIX əsrdə fransız tarixçisi J.Mişle daxil edib.

Tarix terminləri lüğəti

ioniyalılar

yun. İones

Axeylər, dorilər, eollarla (aiollarla) yanaşı, dörd əsas qədim yunan tayfasından biri.

Tayfanın mifik əcdadı antik qəhrəman İon hesab edildiyi üçün o belə adlanır. Dorilərlə İ. qədim yunan mədəniyyətinin əsas daşıyıcıları sayılırlar, çünki tarixi inkişafa verdikləri töhfə baxımından axeylər və eollarla müqayisədə onlar daha mühüm rol oynayıblar. Öncə Attika ərazisində, habelə Evbeya, Xios, Samos, Naksos və digər adalarda məskunlaşmış İ. e.ə. XI–IX əsrlərdə Kiçik Asiyanın bir hissəsini, eləcə də Qara və Mərmərə dənizlərinin sahillərini koloniyaya çeviriblər. İ.-ın danışdığı yunan dilinin İoniya dialektində yaradılmış çoxsaylı əsərlər və epiqrafik abidələr müasir dövrümüzə qədər qalıb.

Tarix terminləri lüğəti

irqçilik

İnsan irqlərinin fiziki və əqli baxımdan qeyri-bərabərliyi ideyasına əsaslanan mürtəce, elmi əsaslara söykənməyən baxışlar sistemi.

İ.-in praktikada tətbiqi özünü irqi ayrı-seçkilik (diskriminasiya) siyasətində büruzə verir. 1930-cu illərdə bir sıra Avropa ölkələrinin lüğətlərində İ. “bir irqin digərindən üstünlüyünə əsaslanan sistem” kimi şərh olunurdu. Hazırda isə bu termin daha geniş anlamda işlədilir. Belə ki, İ. dedikdə konkret fərdin xarakteri, mənəviyyatı, istedad və bacarığı, davranış xüsusiyyətlərinin formalaşmasında irqi mənsubiyyətin həlledici rola malik olduğunu iddia edən baxışlar sistemi başa düşülür. İ.-in təzahürləri hələ quldarlıq dövründə özünü göstərib, lakin Avropa ölkələrinin müstəmləkəçilik ekspansiyası ilə (XVI–XVII əsrlər) əlaqədar o, xüsusi “nəzəriyyə” forması alıb. “Elmi İ.”in banisi XIX əsr fransız tarixçisi J.Qobino sayılır. XX əsrdə İ. faşizmin timsalında ən eybəcər şəkil alıb. Həmin əsrin II yarısında isə İ.-in formalarından biri olan aparteid uzun müddət Cənubi Afrika Respublikasında hökmranlıq edib.

Tarix terminləri lüğəti

irtica

ər. rücu – öncəki yerə dönmə, qayıtma

Cəmiyyəti öncəki vəziyyətinə qaytarmaq istəyən, status-kvonun bərpasına çalışan ifrat mühafizəkar və hər cür tərəqqiyə qarşı çıxan siyasi hərəkat, habelə ideologiya.

Mövcud qayda-qanunların qorunub saxlanması və möhkəmlənməsinə yönəlmiş hərəkətlər də bəzən İ. adlanır. Bu termin Böyük Fransa inqilabı dövründə yaranıb. Bir qayda olaraq, o, neqativ anlamda işlənir. Artıq öz dövrünü ötmüş ictimai institutların (quldarlığın, təhkimçiliyin, inkvizisiyanın, kilsənin cəmiyyətdə hökmran rolunun və s.) bərpasına çalışan cərəyanlar İ. adlandırılır.

Həmçinin bax:

Tarix terminləri lüğəti