Reklam
Reklam

Tarix terminləri lüğəti

kafir

ər. – dinsiz, başqa dindən olan

Küfr etmiş insan.

İslam təliminə görə, tək Allahın varlığına inanmamaq, Məhəmməd peyğəmbərin elçilik missiyasını şübhə altına almaq, axirət və qiyaməti, eləcə də cənnət və cəhənnəmin mövcudluğunu inkar etmək küfr sayılır. Adətən, müsəlman olmayanları K. adlandırıblar. Lakin xristian və iudeylərə həm də “əhli Kitab” deyilir, bu isə onların formal cəhətdən birmənalı olaraq K. sırasına aid edilmədiyini göstərir.

Tarix terminləri lüğəti

kaftan

Qumaşdan hazırlanan astarsız və yaxasız üst kişi geyimi.

Böyük Sovet Ensiklopediyasında bu sözün türk-fars mənşəli olduğu göstərilir. K.-lar uzun (topuğa kimi) və ya qısa (dizə kimi) tikilib, qabağı düymə və ya lentlərlə bağlanıb. Belə üst geyimləri türk xalqları arasında geniş yayılıb və tatarlardan ruslara keçib. Osmanlı dövlətində sultan önəmli xidmətlər göstərmiş şəxsləri mükafatlandırmaq üçün onlara qızıl saplar və müxtəlif tikmələrlə bəzədilən K. hədiyyə edib.

Tarix terminləri lüğəti

kaxetilər

Gürcü millətinin tərkibində etnoqrafik qrup, Gürcüstanda Qanıx (Alazan) və Qabırrı (İori) çaylarının yuxarı axarında yerləşmiş tarixi Kaxetiya vilayətinin sakinləri.

Bu sakinlər özlərini “kaxi” adlandırırlar və gürcü dilinin Kaxeti dialektində danışırlar.

Tarix terminləri lüğəti

kaledinçilik

Yerli kazak dəstələrinin atamanı A.Kaledinin Don vilayətində bolşeviklərə qarşı qiyamı (1917, oktyabr – 1918, fevral).

Donda bütün hakimiyyəti öz üzərinə götürən general Kaledin Moskva və Petroqrada hücuma hazırlaşmağa başlayıb. Qiyama siyasi rəhbərliyi kadetlər həyata keçiriblər. 1917-ci ilin dekabrında Rostov-Donu ələ keçirən qiyamçılar bolşeviklər üçün böyük təhlükəyə çevriliblər. Kazakları öz tərəfinə çəkmək məqsədilə bolşeviklər təcili tədbirlərə əl atmalı olublar: kazaklara böyük güzəştlər verilib, ilk növbədə, onlar üçün hərbi mükəlləfiyyət ləğv edilib. Bundan sonra K.-in sosial bazası zəifləyib və bolşeviklər, çətinliklə də olsa, qiyamı yatıra biliblər.

Tarix terminləri lüğəti

kalvinizm

Protestantlıq cərəyanlarından biri.

Bu cərəyana onun banisi fransız teoloqu J.Kalvinin adı verilib. Əgər alman teoloqu M.Lüter Reformasiyaya başlarkən “Bibliyaya zidd olan hər şeyin kilsədən kənarlaşdırılması” prinsipini əsas götürübsə, J.Kalvin bir qədər də irəli gedərək “Biblayının tələb etmədiyi hər şeyin kilsədən xaric edilməsi” ideyasını irəli sürüb. XVI əsrdə Cenevrədə meydana gələn K. sonralar Fransa, Niderland, İngiltərə, Şotlandiya, Almaniya, ABŞ və s. ölkələrdə geniş yayılıb. O, Allaha ibadəti Bibliya oxumaqla məhdudlaşdırır, habelə katolik kilsəsinin iyerarxiyaehkamlarını, rahibliyi, insanların xilasında ruhanilərin rolunu qəbul etmir. Asketik həyat tərzini təbliğ edən K. dəbdəbəli kilsə mərasimlərinə, bər-bəzəkli həyat tərzinə, parlaq paltar və ləl-cəvahiratlardan istifadəyə qarşı çıxır. K. təlimi kilsə rituallarını maksimum dərəcədə sadələşdirir, rasionalizmə meyil etməsi və hər cür mistikanın inkarı ilə səciyyələnir. Niderland (XVI əsr) və İngiltərə (XVII əsr) inqilabları məhz K.-in təsiri altında baş verib.

Tarix terminləri lüğəti

kamarilya

isp. camarilla < cámara – palata, monarx sarayı

İlkin mənada: İspaniya kralı VII Ferdinandın hakimiyyəti dövründə (1808, 1814–1833) nüfuzlu saray əyanları qrupu.

Krala yaxın olan və ölkənin idarə edilməsində əsas rol oynayan əyanlar daim öz toplantılarını sarayın kiçik otağında (camara-da) keçirdikləri üçün bu qrup belə adlandırılıb. Sonralar K. termini mənfi məna kəsb edərək «dövlət məsələlərini öz şəxsi maraqlarına uyğun həll edən əyan və məmurlar qrupu» anlamında işlədilməyə başlanıb.

Tarix terminləri lüğəti