Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

çaparal

isp. chaparral – kolvarı palıd cəngəlliyi

Şimali Amerikada (əsasən, Kaliforniyada və Meksikanın şimalında) dəniz səviyyəsindən 600-2000 metr yüksəkliklərdə böyük əraziləri tutan həmişəyaşıl subtropik kolluqlar.

Ç. yayı quraq, qışı yağışlı keçən sahələrdə, qırılmış meşələrin yerində formalaşır, əsasən, quraqlığadavamlı, boyu 3 metrdən alçaq qalınyarpaqlı palıd və akasiya kollarından, kaktuslardan, digər ağac bitkilərindən ibarət olur. Kaliforniya ştatı ərazisinin 5 faizi Ç.-la örtülüdür. Bu cür biomlar Yer üzündə Aralıq dənizi iqlim tipinin hakim olduğu daha dörd bölgədə (Aralıq dənizi ətrafında, Çilinin mərkəzi hissəsində, Afrikanın cənubunda, Avstraliyanın cənubunda) geniş yayılıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çay

Quruda özünün əmələ gətirdiyi təbii yataqla daimi, yaxud ilin müəyyən hissəsi hərəkət edən su axını.

Ç.-lar uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axımı, hövzəsinin sahəsi, suyun kimyəvi tərkibi və s. göstəriciləri üzrə səciyyələndirilir. Məsələn, hövzələrinin sahəsinə görə onlar kiçik, orta və böyük Ç.-lara, axdıqları yerin relyefinə görə dağ və düzənlik Ç.-larına bölünür. Ç.-lar yerüstü və yeraltı sularla qidalanır, başlanğıclarını dağ buzlaqlarından, bataqlıqlardan, bulaqlardan götürür və əksər hallarda mənsəbində daha böyük su hövzələrinə qarışır. Lakin bəzən sonda Ç.-lar özləri bataqlıq yaradır, yaxud quruyur. Məsələn, mənbəyi Əfqanıstanda olan Harirud çayı 1100 kilometrdan artıq yol keçdikdən sonra Qaraqum səhrasında itir. Planetin ən uzun Ç.-larına Nil, Amazon, Missisipi, Yansızı, Ob və s. aiddir. Azərbaycanda axan ən uzun Ç. mənbəyini Türkiyədən götürən Kür çayıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çay axını

Suyun çay yatağı ilə müəyyən istiqamətdə mexaniki hərəkəti.

Ç.A. qravitasiyanın təsiri altında, çayın müxtəlif yerlərində suyun səviyyəsi arasındakı fərq hesabına yaranır. Ç.A. istiqaməti və sürəti ilə xarakterizə olunur. Çayın meyilliliyindən, relyefdən, sululuğundan, küləyin gücündən və s.-dən asılı olaraq onun axma sürəti, bəzən istiqaməti də dəyişir.

Coğrafiya terminləri lüğəti

çay dərəsi

Çayın əmələ gətirdiyi, onun mənbəyindən mənsəbinə doğru meyilli olan nisbətən ensiz, uzunsov çökəklik.

Ç.D.-nin eni, dərinliyi və quruluşu axının gücündən, relyefdən, süxurların möhkəmliyindən, ərazinin tektonik fəallığından və s.-dən asılıdır. Düzənlik çaylarının yaratdığı dərələr, adətən, daha geniş və dayaz, dağ çaylarının yaratdığı dərələr isə dərin və dar olur. Belə dərin Ç.D. kanyon adlanır. Planetimizdə ən dərin Ç.D. ABŞ-da Kordilyer dağlarından axan Kolorado çayının dərəsidir (1,8 km).

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çay eroziyası

lat. erosio – yuyulma, aşınma

Çayın öz yatağını və sahillərini yuyaraq dərinləşməsi və genişlənməsi prosesi.

Suyun təsiri ilə Ç.E., əsasən, iki istiqamətdə gedir: dib eroziya və yan eroziya. Dağ çaylarında dib eroziya, düzənlik çaylarında isə yan eroziya prosesi daha intensiv olur. Ç.E.-nın intensivliyi bir sıra antropogen amillərdən – məsələn, insanlar tərəfindən sahillərdə meşələrin qırılmasından, torpaqların şumlanmasından, sahil bərkidilmədən tikinti işlərinin aparılmasından da asılıdır.

Coğrafiya terminləri lüğəti

çay hövzəsi

Çayın bütün qolları ilə birlikdə su topladığı sahə.

Bir ərazinin yerüstü və yeraltı suları hansı çayı qidalandırırsa, bu ərazi həmin çayın hövzəsini təşkil edir. Adətən, yerüstü və yeraltı hövzələrin sərhədləri üst-üstə düşmür. Lakin yeraltı mənbələrin sərhədlərini dəqiq müəyyənləşdirmək çətin olduğu üçün Ç.H. dedikdə məhz yerüstü hövzənin sərhədləri nəzərdə tutulur. Dünyada ən iri Ç.H. Amazon çayına məxsusdur (7 mln. km²-dən çox). Ümumiyyətlə, ən bol sulu Ç.H.-ləri ekvatorial subekvatorial iqlim qurşaqlarında yerləşir. Ç.H.-ləri bir-birindən suayırıcılar (dağlar) vasitəsilə ayrılır. Bəzən aşınma nəticəsində suayırıcı yuyulur və iki çay sistemi, müvafiq olaraq onların hövzələri birləşir.

Coğrafiya terminləri lüğəti

çay qolu

1. Bir çayın yatağının haçalanması nəticəsində ondan ayrılan su axını.

Belə Ç.Q., adətən, çay dərəsinin parçalanması, yaxud axının sürəti azaldığı yerlərdə toplanan çöküntülərin deltalar, adalar formalaşdırması zamanı yaranır. Əksər hallarda Ç.Q. müəyyən məsafədən sonra ayrıldığı çayla birləşir. Amma bəzən Ç.Q. özü ayrıca çaya çevrilir; məsələn, Kuban çayının 20 km uzunluğu olan qolu Köhnə Kuban Qızıldaş limanında müstəqil surətdə Qara dənizə tökülür.

2. Yataqlarının birləşməsi nəticəsində bir çaya tökülən digər çay.

Adətən, Ç.Q. qovuşduğu çaydan qısalığı və daha az sululuğu ilə fərqlənir. Lakin bəzən əks hallara da rast gəlinir; məsələn, Anqara çayının qolu sayılan Yenisey qovuşma yerində Anqaradan ikiqat artıq sululuğa malikdir. Ç.Q.-ları I, II, III və s. dərəcəli ola bilər. Bilavasitə baş çaya tökülən çay I dərəcəli qol, I dərəcəli qola tökülən çay II dərəcəli qol və s. adlanır. İri çay sistemlərində Ç.Q.-larının dərəcəsi 20-dək artır. Kür çayının I dərəcəli qolu Araz çayı, II dərəcəli qolu Arpaçay, III dərəcəli qolu isə Kişçaydır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çay meandrı

yun. Kiçik Asiyada (hazırda Türkiyənin ərazisində) çoxsaylı döngələri olan Böyük Menderes çayının qədim adından

Çay yatağının təbii sərt əyriliyi, çay döngəsi.

Su axını qarşısına çıxan bərk süxurlardan ibarət maneəni yuya bilmədikdə qıvrılaraq onun yanından keçir və nəticədə Ç.M. əmələ gətirir. Ç.M. digər səbəblərdən də, məsələn, sahillərdən birinin xüsusilə dayanıqsız olması, düzənlik çaylarında yan eroziya nəticəsində də əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

çay mənsəbi

Çayın okeana, dənizə, gölə, su anbarına, digər çaya töküldüyü, yaxud axının bitdiyi yer.

Sadə şəkilli (çay yatağı qollara ayrılmayan), deltaestuari formalı Ç.M.-lərinə rast gəlinir. Mənsəbi Dünya okeanı olan iri çaylara Amazon, Nil, Missisipi, Yansızı və s. aiddir. Mənsəbi daxili axarsız hövzə (Xəzər dənizi) olan ən uzun çay Volqadır. Bəzi çaylar sonda digər su hövzəsinə tökülmür – onlar ya buxarlanaraq, ya da torpağa hoparaq yox olur. Belə çayların mənsəbinə kor mənsəb deyilir. Daimi mənsəbi olmayan çaylar da var; məsələn, Qazaxıstanda Çu çayı ilin isti vaxtlarında səhrada itir, yağışlı aylarda Ağjayğın gölünə tökülür. Digər çaylar mövsümdən asılı olaraq qurumur, amma yataqlarını və mənsəblərini dəyişir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çay nəqliyyatı

Çaylarda, kanallarda, göllərdə yük və sərnişin daşınması ilə məşğul olan su nəqliyyatı növü.

Ç.N. – süni və təbii nəqliyyat yollarından, nəqliyyat qovşaqlarından (limanlar, körpülər, hidrotexniki qurğular şəbəkəsi) və donanmadan ibarətdir. Çay donanmasının gəmiləri, adətən, dəniz gəmilərindən kiçik olur və yerinə yetirdikləri işin, daşıdıqları yükün xarakterinə görə fərqləndirilir: tanker, barkas, lixter, yedək, kater və s. Dünyada ən uzun çay yollarına Çin, Rusiya, Braziliya və ABŞ malikdir.

Coğrafiya terminləri lüğəti