Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

bazalt təbəqəsi

lat. Basaltes – Fələstində ərazinin adından

Yer qabığını təşkil edən alt təbəqə.

Yerin yuxarı mantiyası ilə qranit təbəqə arasında yerləşir. Materik tipli Yer qabığında B.T.-nin qalınlığı 15-35 km, okean dibində isə 5-10 km-dir. B.T. maddəsinin orta sıxlığı materik Yer qabığında 2,9 q/sm3, okean Yer qabığında isə 3,0-3,1 q/sm3-dir. Dəqiq tərkibi bəlli deyil. Lakin B.T.-nin yerini seysmik tədqiqatlar nəticəsində müəyyənləşdirmiş alimlər eyni əsasla güman edirlər ki, bu təbəqə qabbro tipli əsaslı süxurlardan və yüksək metamorfizmləşmiş süxurlardan ibarətdir.

See also:

Coğrafiya terminləri lüğəti

biofilota

yun. bios – həyat + yun. philos – doğma

Müəyyən arealın florası və faunası.

B. – hər hansı regionun tarixən formalaşmış canlı aləmidir, xüsusilə qapalı ərazilərdə, məsələn, adalarda öz fərdiliyini daha aydın nümayiş etdirir. B. biota termininə nisbətən daha konkret məna kəsb edir.

Coğrafiya terminləri lüğəti

bio...

yun. bios – həyat

1. Mürəkkəb sözlərin həyata, həyat proseslərinə aidlik bildirən tərkib hissəsi; məs.: biogenetika, biosfer.

2. Biologiyaya aidlik bildirən, onun digər sözlərin əvvəlinə əlavə edilən qısa forması; məs.: biopolimerlər, biofiltr, bioenergetika.

Coğrafiya terminləri lüğəti

bəyaz gecələr

Qütb dairəsi ətrafında ilin yay fəslində müşahidə edilən işıqlı gecələr.

Yayda günəş bu ərazilərdə bir müddət gecələr üfüq xəttindən maksimum 7° aşağı enir. Nəticədə axşam şəfəqi səhərədək bitmir, gecə başa çatdıqda səhər şəfəqinə çevrilir. Bu hadisəyə Yerin fırlanma oxunun planetin orbit müstəvisinə perpendikulyara nisbətən meyilliliyi səbəb olur. B.G. may-iyul aylarında Rusiyanın, Skandinaviyanın, Kanadanın və s. şimal şəhərlərində bir neçə həftə (məsələn, Sankt-Peterburqda üç, Arxangelskdə altı həftə) davam edir.

Coğrafiya terminləri lüğəti

bərzəx

ər. bərzəx – aralıq, keçid

Su ilə ayrılmış iki böyük quru sahəsini birləşdirən ensiz quru zolaq, keçid.

B.-lər özləri də yan tərəflərdən su ilə əhatə olunur. B.-lər iki materiki bir-biri ilə (məsələn, Süveyş B.-i Asiya ilə Afrikanı, Panama B.-i Şimali Amerika ilə Cənubi Amerikanı) və ya yarımadanı materiklə (məsələn, Perekop B.-i Krım yarımadasını Avropa ilə) birləşdirir.

See also:

Coğrafiya terminləri lüğəti

bərpa olunmayan təbii resurslar

İstifadə edildikdən sonra bərpası, yerinin doldurulması mümkün olmayan təbii sərvətlər.

Bu sərvətlər, əsasən, Yerin təkində toplanmış faydalı qazıntılardan (məs.: filizlər), enerji istehsalı üçün bəşəriyyətin uzun müddətdir istifadə etdiyi kömür, neft, qaz kimi yanacaq ehtiyatlarından ibarətdir ki, bu ehtiyatlar bitki və heyvan qalıqlarından, qırıntılardan yaranmışdır.

Coğrafiya terminləri lüğəti