Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

biogeosenoz

yun. bios – həyat + yun. geo – Yer + yun. koinos – ümumi

Vahid ərazidə canlı orqanizmlərin və təbii mühitin abiotik amillərinin qarşılıqlı əlaqəsi nəticəsində öz-özünü tənzimləyən ekoloji sistem.

Bu terminin və təlimin yaradıcısı (1942) sovet akademiki Vladimir Sukaçova görə, B.-da üzvi komponentlər (heyvanlar, bitkilər) qeyri-üzvi komponentlərlə (su, torpaq, iqlim) sıx bağlı olur, onların arasında daim maddələr və enerji mübadiləsi gedir. B.-lar biosferin elementar vahidləri sayılır və onların hamısı birlikdə Yerin biosferini əmələ gətirir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

biogeosfer

yun. bios – həyat + yun. geo – Yer + yun. sphaira – kürə

Yer qabığının canlı orqanizmlər yaşayan üst hissəsi.

Litosferin bu qatından aşağıda canlı orqanizmlər üçün həyat şəraiti yoxdur.

Coğrafiya terminləri lüğəti

bioiqtisadiyyat

1. Təbii resurslardan istifadə prosesində insanla təbiətin əlaqəsini öyrənmək və bu sahədə tətbiq edilməli olan normaları araşdırmaq üçün iqtisadiyyatla ekologiyanın sərhədində yaranmış elm sahəsi.

2. Bərpa olunan bioloji resurslardan istifadəyə imkan verən biotexnologiyaların tətbiq edildiyi iqtisadiyyat sahəsi.

B. bərpa olunan bioloji resurslardan bioloji enerji, qida və yem məhsulları hazırlamaqla məşğul olur.

Coğrafiya terminləri lüğəti

biokorroziya

yun. bios – həyat + lat. corrosio – yeyilmə

Mikroorqanizmlərin təsiri altında baş verən çürümə, yeyilmə və dağılma prosesi.

Müxtəlif mikroorqanizmlərin suda, qruntda həyat fəaliyyəti nəticəsində yaranan maddələr, onların qalıqları korroziya prosesini sürətləndirir. B., adətən, süxurlara, sualtı və yeraltı konstruksiyalara dəniz, atmosfer, qrunt korroziyası ilə paralel təsir göstərir.

Coğrafiya terminləri lüğəti

biokütlə

Eyni növə və ya növlər qrupuna daxil olan canlıların, yaxud onların hamısının hər hansı sahə vahidinə düşən ümumi kütləsi.

Əksər hallarda quru və yaş maddə kütləsi ilə (q/m², q/m3, t/km², kq/ha və s.), bəzən başqa müvafiq vahidlərlə ölçülür. XXI əsrin əvvəllərinə olan hesablamalara görə, Yer planetinin ümumi kütləsinin cəmi 0,1%-ni B. təşkil edir. Tədqiqatlar göstərir ki, planetin quru səthində B.-nin minimum 97%-i bitkilərin (fitokütlə), maksimum 3%-i heyvan və mikroorqanizmlərin (zookütlə), 0,014%-i isə insanların payına düşür. Müxtəlif ərazilərdə bu nisbət kəskin fərqlənir. Okeanlarda B.-nin 93 faizdən çoxunu zookütlə, qalan hissəsini fitokütlə təşkil edir.

Coğrafiya terminləri lüğəti

biolit

yun. bios – həyat + yun. lithos – daş

Üzvi aləmin fəaliyyəti ilə bağlı olan maddələrdən, üzvi qalıq və çöküntülərdən törəyən mineral və süxurlar.

B.-lərə mərcanəhəngdaşı, diatomit, daş kömür, torf və s. aiddir.

Coğrafiya terminləri lüğəti

bioloji meliorasiya

yun. bios – həyat + yun. logos – elm, təlim + lat. melioratio – yaxşılaşdırma

Hər hansı ərazidə canlı orqanizmlərin həyat şəraitinin, su rejiminin yaxşılaşdırılmasına, bioloji məhsuldarlığın yüksəldilməsinə yönəldilmiş meliorasiya tədbirləri.

B.M. tədbirləri qoruqlarda, ovçuluqda, balıqçılıqda (vaxtaşırı hövzələrin dibinin təmizlənməsi, qoruyucu kolların əkilməsi, gölməçələrin yaradılması, quş yuvalarının qurulması və s.) daha çox həyata keçirilir.

Coğrafiya terminləri lüğəti

biom

yun. bios – həyat + lat. oma – cəm bildirən şəkilçi

Müəyyən iqlim şəraitinə, relyefə və s.-yə uyğunlaşmış, özünəməxsus florafaunası ilə səciyyələnən böyük ərazi.

Məsələn, tundra B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlarda B.-ların formalaşmasına coğrafi örtüyün şaquli zonallıq prinsipinə uyğun olaraq dəyişməsi təsir göstərir.

Coğrafiya terminləri lüğəti

biometeorologiya

yun. bios – həyat + yun. meteora – göy hadisələri + yun. logos – elm, təlim

Meteorologiya elminin atmosferdə baş verən fiziki və kimyəvi proseslərlə canlı orqanizmlərin qarşılıqlı əlaqəsini öyrənən sahəsi.

B. bütünlükdə canlı orqanizmlərin həyat və fəaliyyəti prosesinə təsir göstərən qanunauyğunluqların müəyyənləşdirilməsində mühüm rol oynayır.

Coğrafiya terminləri lüğəti

biosenoz

yun. bios – həyat + yun. koinos – ümumi

Biosferin müəyyən sahəsində ətraf mühitə uyğunlaşmış, abiotik faktorlar və digər amillər vasitəsilə əlaqədə olan bitki (fitosenoz) və heyvanlar aləminin (zoosenoz) məcmusu.

Məsələn, Xəzər dənizinin B.-u, meşənin B.-u. B.-un müəyyən ərazidə nə dərəcədə geniş yayılması iqlimdən, relyefdən, insanın təsərrüfat və qeyri-təsərrüfat fəaliyyətinin təsirindən, digər şərtlərdən asılıdır. Termini 1877-ci ildə alman zooloqu və botaniki Karl Möbius elmə daxil edib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

biosfer

Canlı orqanizmlərin yaşadığı və onların təsiri altında dəyişən Yer örtüyü.

B., demək olar, bütün hidrosferi, Yer qabığının üst və atmosferin alt qatlarını əhatə edir. B.-in sərhədi həyat üçün şəraitin yoxa çıxdığı – havanın həddən artıq seyrək, təzyiqin həddən artıq böyük, temperaturun həddən artıq yuxarı, yaxud aşağı olduğu yüksəkliklərdə və dərinliklərdə bitir. Bu sərhəd müxtəlif ərazilərdə fərqlidir; məsələn, yerin altında hansı dərinlikdə temperaturun +100°C-yə çatmasından asılıdır. B. terminini 1875-ci ildə onu “həyat örtüyü” kimi izah edən avstriyalı geoloq Eduard Züss elmə daxil edib.

Coğrafiya terminləri lüğəti