Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

abiotik amillər

Birbaşa və ya dolayı yolla canlı aləmə təsir göstərən cansız xarici mühit amilləri.

A.A. iqlim (temperatur, rütubət, təzyiq), oroqrafik (ərazinin relyefi, dəniz səviyyəsindən hündürlüyü, yamacların meyilliyi), kimyəvi (havanın qaz tərkibi, suyun duz tərkibi) xarakterli olur. A.A.-siz, məsələn, işıqsız və susuz canlı aləm mövcud ola bilməz.

See also:

Coğrafiya terminləri lüğəti

abissal

yun. abyssos dibsiz

Dünya okeanının 3000 metrdən dərin hissəsinə aid olan.

A. dərinliklərdə suyun hərəkəti çox zəif, temperatur sıfır dərəcəyə yaxın və qaranlıq olur.

See also:

Coğrafiya terminləri lüğəti

abissal çöküntülər

Dünya okeanının 3000-4000 metrdən artıq dərinliyində toplanan çöküntülər.

A.Ç. kosmik tozdan, hava və su axınlarının qurudan gətirdiyi hissəciklərdən, qırmızı rəngli dərin su gillərindən, plankton orqanizm qalıqları ilə zəngin lillərdən ibarətdir. Onlar dəniz və okeanların dibinin 75%-dən çoxunu örtür.

Coğrafiya terminləri lüğəti

abissal düzənliklər

Dünya okeanının 3000 m-dən artıq dərinliklərində yerləşən düzənliklər.

A.D. materik ətəkləri ilə orta okean dağ silsilələri arasında yerləşir və okean dibinin təxminən 40%-ni təşkil edir. Quruda olduğu kimi, sualtı düzənliklərdə də iri yaylalar, çökəkliklər və s. relyef formaları mövcuddur.

Coğrafiya terminləri lüğəti

abissal zona

Dünya okeanının 3000 metrdən 6000 metrədək dərinliyində olan hissəsi.

A.Z. Dünya okeanının 75%-ni əhatə edir, dib relyefi, əsasən, sualtı dağlar, platolardan ibarətdir.  Bu zona üçün çox yüksək atmosfer təzyiqi (300-600 atm), suların zəif hərəkəti, duzluluq (35 promil) və temperatur sabitliyi (0...+2°C) xarakterikdir. Günəş işığının olmaması ilə əlaqədar burada canlı aləm, əsasən, bakteriyalardan ibarətdir. A.Z.-da yaşayan heyvanlar ya gözsüzdür, ya da gözləri çox iridir; onların bəziləri özlərindən işıq saçır.

Coğrafiya terminləri lüğəti

ablyasiya

lat. ablatio – dağılma, azalma

1. Buzlaq kütləsinin ərimə, buxarlanma və ya mexaniki parçalanma yolu ilə azalması.

Bu proses qar xəttindən aşağıda yerləşən zirvələrdə daha çox müşahidə olunur. A. zamanı buzlaqlarla qidalanan çoxlu çaylar və göllər əmələ gəlir. Tyan-Şan, Himalay, Qaraqorum və bu kimi yüksək dağlarda olan buzlaq kütləsi ildən-ilə azalmaqdadır.

2. Qaya süxurlarının külək və suyun təsiri ilə azalması, yuyulması.

See also:

Coğrafiya terminləri lüğəti

abraziya

lat. abrasio – qaşıyaraq təmizləmə

Su axınlarının, dalğaların davamlı təsiri altında sahil süxurlarının mexaniki dağılması, ovulması.

A. nəticəsində sahil zolağında relyefin xüsusi formaları yaranır, A. düzənlikləri, A. terrasları (platformalar), kliflər (A. yarğanları), kekurlar (A. sütunları), əmələ gəlir. Sualtı A.-nın intensivliyi nisbətən az olur. Amma okean sahillərində o, 100 metr, bəzən daha artıq dərinliyə qədər uzanır.

See also:

Coğrafiya terminləri lüğəti

abraziya düzənliyi

Sahilboyu zolaq şəklində uzanan dənizə doğru azmeyilli hamar sahə.

Belə sahələr abraziya nəticəsində yaranır. A.D.-nin əksər hissəsi suyun altında olur, bəzi yerlərdə ana süxurlar səthə çıxır, bəzi yerlərdə isə nazik çöküntü qatı ilə örtülür.

Coğrafiya terminləri lüğəti

açıq dəniz

Dünya okeanının hər hansı dövlətin ərazi suları və daxili suları xaricində yerləşən, bütün dövlətlərin ümumi istifadəsində olan hissəsi.

A.D. bütün millətlər üçün açıqdır, heç bir dövlət onun hər hansı hissəsini öz suverenliyi altına ala bilməz. A.D.-dən istifadə hüququ ilk dəfə 1958-ci ildə Cenevrə konvensiyası ilə təsbit olunub. A.D. dedikdə yalnız Dünya okeanının su hissəsi nəzərdə tutulur. Dəniz və okeanların dibi isə başqa hüquqi statusa malikdir.

Coğrafiya terminləri lüğəti