Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

lahar

ind. lahar – palçıq axını

Vulkan mənşəli sel.

L. vulkanların ətrafında qar örtüyünün əriməsi, lavanın vulkan göllərini daşdırması səbəbindən yaranır, özü ilə kül qarışıq irili-xırdalı çoxlu süxur qırıntıları gətirir, böyük dağıdıcı qüvvəyə malikdir.

Coğrafiya terminləri lüğəti

lakkolit

yun. lakkos – quyu, dərinlik + yun. lithos – daş

Yer səthinə çatmadan dağ süxurlarının qatlarında donub-qalmış maqmanın yaratdığı müsbət relyef forması.

Maqma səthə çıxmağa yol tapmır və süxurları sıxaraq günbəz şəklində yuxarı qaldırır. Mahiyyət etibarilə L. – torpağın altında bərkimiş maqma topasıdır. Bəzən külək torpaq örtüyünü sovurur və bu daş özəyi alçaq dağ şəklində üzə çıxarır; məsələn, Krım yarımadasında Ayı dağı belə yaranıb.

See also:

Coğrafiya terminləri lüğəti

laqun

ital. laguna < lat. lacus – quyu, gölməçə

1. Dənizdə, okeanda adaların, mərcan riflərinin əhatə etdiyi su hövzəsi.

2. Dənizdən, okeandan, böyük göldən qum, yaxud qayalıqlardan ibarət nazik sahil xətti ilə ayrılmış kiçik su hövzəsi.

Coğrafiya terminləri lüğəti

lənd

alm. land – yer, torpaq

1. Təbii və ya siyasi sərhədlər daxilində sahə.

Bəzi ölkələrdə L. – inzibati ərazi vahididir: Bazel-lənd (İsveçrə), Boytzenburqer-lənd (Almaniya). Bir çox coğrafi termin, anlayış və toponimlərdə orijinal yazılışına uyğun "land" sözünə rast gəlinir. İrlandiya, İslandiya, Şotlandiya, Qrenlandiya, Zelandiya, landşaft və s.

2. Rütubətli dəniz iqlimində qum təpələri, bataqlıq və kolluqlardan ibarət sahil zolağı; məs.: Fransada Biskay körfəzinin sahilində belə L.-lar çoxdur.

Coğrafiya terminləri lüğəti

landşaft dinamikası

Landşaftın struktur dəyişikliklərinə uğramadan xarici görünüşünü yeniləşdirməsi.

Coğrafiya terminləri lüğəti

landşaft ekologiyası

alm. landschaft – ölkə, mahal + yun. oikos – məkan, ev + yun. logos – elm, təlim

Landşaft müxtəlifliyinin, landşaft elementlərinin ətraf mühitə, o cümlədən təbiətdə enerjinin paylanmasına təsirini və əks-təsir əlaqələrini kompleks şəkildə öyrənən elm sahəsi.

L.E. həm coğrafiya, həm də ekologiya ilə sıx bağlıdır, mahiyyət etibarilə “geoekologiya” termininin sinonimidir. L.E. terminini 1939-cu ildə alman coğrafiyaşünası Karl Troll təklif edib. L.E. elminin yaranması və inkişafında onun böyük rolu olub.

Coğrafiya terminləri lüğəti

landşaft zonası

alm. landschaft – ölkə, mahal + yun. zone – qurşaq

Oxşar iqlim və rütubət rejimi, buna uyğun landşaft formalarına malik böyük quru, yaxud su sahəsi.

L.Z. enli zolaq şəklində bir və ya bir neçə materik boyu uzana bilər. O, coğrafi qurşağın tərkib hissəsidir.

Coğrafiya terminləri lüğəti

landşaftın çirklənməsi

Bu və ya digər maddənin, eləcə də enerjinin təbii həddən yüksək olması nəticəsində landşaftın dağıdıcı təsirə məruz qalması.

L.Ç. həm təbii (vulkan püskürməsi, torpağın tərkibində duzların artması), həm də antropogen faktorların təzyiqi altında baş verə bilər. Çirklənmə landşaftın xarakterinin və onun komponentlərinin xassələrinin dəyişməsinə səbəb olur, bu isə geomorfoloji (tozun, qumun və s.-nin toplanması) və termik anomaliyaların yaranması ilə nəticələnir. Çox vaxt landşaftın komponentlərindən birinin çirklənməsi (məsələn: havanın) digər komponentlərə də (bitki örtüyü, torpaq və s.) ciddi ziyan vurur.

Coğrafiya terminləri lüğəti

landşaftın elementləri

alm. landschaft – ölkə, mahal + lat. elementum – təbii qüvvə, ilkin maddə

Landşaft komponentlərinin bölünməz sadə tərkib hissələri; məs.: torpağın mexaniki tərkibi; dağlıq ərazinin ayrı-ayrılıqda bitki örtüyü, qar örtüyü, karst forması.

Coğrafiya terminləri lüğəti

landşaftın genezisi

alm. landschaft – ölkə, mahal + yun. genesis – mənşə

Landşaftın əmələ gəlməsinə səbəb olan proseslərin məcmusu və onun müasir dinamik vəziyyəti.

Tarixən landşaft tipləri təbii faktorların təsiri altında (iqlim şəraiti, tektonik və bioloji faktorlar) formalaşıb. Sonrakı mərhələdə isə insan cəmiyyətinin fəaliyyəti landşaftəmələgətirən və landşaftı dəyişdirən əlavə mühüm faktora çevrilib. L.G. paleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini, strukturunu və prosesləri təhlil etmək yolu ilə öyrənilir.

See also:

Coğrafiya terminləri lüğəti

landşaftın komponentləri

alm. landschaft – ölkə, mahal + lat. componere – təşkil etmək

Landşaftı təşkil edən coğrafi komponentlər.

Bu komponentlərə landşaftın formalaşmasında əsas rol oynayan coğrafi təbəqənin litosfer (dağ süxurları, torpaq), hidrosfer (səthi və yeraltı sular), atmosfer (onun kimyəvi tərkibi) və biota (mikroorqanizmlər, bitkilər və heyvanlar) kimi ayrı-ayrı fraqmentləri daxildir. L.K.-nə həmçinin insan fəaliyyəti obyektləri (hidrotexniki qurğular, əkinçilik sahələri, meşə zolaqları və s.) aiddir.

See also:

Coğrafiya terminləri lüğəti

landşaftın konservasiyası

alm. landschaft – ölkə, mahal + lat. conservatio – qoruyub saxlama

Landşaftı ilkin formada – az dəyişilmiş və ya dəyişilməmiş şəkildə qoruyub saxlamaq məqsədilə ondan istifadənin məhdudlaşdırılması.

L.K. qoruq rejimi yaratmaqla, xüsusi qoruq ərazisi təşkil etməklə və s. bu kimi üsullarla həyata keçirilir.

Coğrafiya terminləri lüğəti