Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

obsidian

lat. obsis – tamaşa

Vulkanik şüşədən ibarət maqmatik dağ süxuru.

Qara, boz, qırmızı-qonur rəngdə olur, tərkibinə görə qranitə yaxındır. O.-ın üzərindəki zolaqlar lavanın axın istiqamətini göstərir. Sıxlığı 2500-2600 kq/m³-dir, tərkibində suyun miqdarı 1%-dən çox deyil, yaxşı cilalanır və bəzək əşyalarında istifadə olunur. Bundan başqa, sudan və istilikdən qoruyan tikinti materiallarının tərkibinə qatılır, qədim vaxtlardan ondan kəsici alətlər hazırlanır: dəmir əridə bilməyən mayyalar və asteklər öz silahlarını O.-dan yonurdular. Terminin etimologiyası mübahisəlidir. Onun yunan sözü “obsis”dən (tamaşa) yarandığını qeyd edən ensiklopedik lüğətlərdə keçmişdə O.-dan güzgü düzəltmək üçün istifadə olunduğu əsas gətirilir. Digər lüğətlər (məs.: Oksford lüğəti) Qədim Roma yazıçısı Böyük Pliniyə (b.e. I əsri) istinadən O.-ın bu daşı kəşf etmiş romalı Obsiusun (yaxud Obsidiusun) adını daşıdığını bildirir.

Coğrafiya terminləri lüğəti

Oğlaq tropiki

yun. tropikus – dönmə

Cənub tropiki, günəşin ildə bir dəfə zenitdə göründüyü iki paraleldən biri.

O.T. təqribən 23,5° cənub enliyinə uyğun gəlir: bu, günəşin zenitə qalxdığı (qış gündönümü zamanı) sonuncu cənub enliyidir. Tropikin adı qış gündönümündə Günəşin daxil olduğu bürcün adından götürülüb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

okean

yun. okeanos – ucsuz-bucaqsız dəniz

Yer kürəsinin materikləri, adaları əhatə edən bütöv su örtüyü.

Hidrosferin 94%-ni təşkil edir və Yer səthinin 71%-ni tutur. Günəş istiliyinin və rütubətin nəhəng akkumulyatoru olan O. Yerdə kəskin temperatur tərəddüdünü azaldır və quru ərazilərin rütubətlənməsi üçün şərait yaradır. O. – Dünya O.-ının başlıca coğrafi bölgülərindən biridir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə Dünya O.-ı dörd O.-a bölünür: Sakit, Atlantik, Hind və Şimal Buzlu.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

okean adası

Materiklərlə bağlı olmayan, bilavasitə okean dibindən qalxan, okean yatağında yerləşən ada.

O.A. mənşəyinə görə, əsasən, vulkan və mərcan adalarına bölünür. Vulkan tipli O.A. okean və dənizlərin dibində baş verən vulkan püskürməsi nəticəsində, mərcan tipli O.A. isə canlı orqanizmlərin (mərcan polipləri, yosunlar və s.) həyat fəaliyyəti prosesində əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

okean çökəklikləri

Okean dibinin ən dərin sahələri, planetar relyefin mənfi formalarından biri.

O.Ç. Dünya okeanı dibində dərinliyi 6000 m-dən artıq, nisbətən ensiz, uzunsov, əksər hallarda qövs, nadir hallarda isə dairə şəklində olan çökəkliklərdir. O.Ç. materik və okean mənşəli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlir. Dünya okeanında onlarca nəhəng O.Ç. aşkar edilib. Onlardan beşinin dərinliyi 10.000 m-dən artıqdır: Marian (11.022 m), Tonqa (10.882 m), Kuril-Kamçatka (10.542 m), Filippin (10.497 m) və Kermadek (10.047 m).

Coğrafiya terminləri lüğəti

okean novu

Okean dibində çox dərin və uzun çökəklik.

O.N. okeanın altında Yer qabığının və ya litosfer tavalarının basılaraq kontinental Yer qabığının, yaxud bir-birinin altına girməsi, mantiya süxurlarına daxil olması nəticəsində baş verir. Geoloji cəhətdən O.N. – müasir geosinklinal strukturdur, buna görə də həmin sahələr çox zaman seysmik fəallığı ilə seçilir. Belə novlar bütün okeanlarda var. Onlardan ən dərini – Marian çökəkliyi Sakit okeanda yerləşir. Dünyada ən uzun nov – 5900 km uzunluğunda Peru-Çili novu da Sakit okeandadır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

okean platosu

yun. okeanos – ucsuz-bucaqsız dəniz + fr. plateau – yüksəklik

Okean dibində ətraf sahələrə nisbətən dərinliyi az olan, səthi az parçalanmış geniş, hamar yüksəkliklər.

Coğrafiya terminləri lüğəti

okean səviyyəsinin evstatik tərəddüdləri

yun. okeanos – ucsuz-bucaqsız dəniz + yun. eu – yaxşı + yun. statis – yerində dayanmaq, sakitlik

Dünya okeanının hər yerində eyni vaxtda müşahidə edilən su səviyyəsinin tədricən dəyişməsi prosesi.

O.S.E.T. okean dibində çökmələr, yaxud iri qalxmalar, iqlimdən asılı olaraq okeanın su balansının dəyişməsi, sahil zonasında tektonik hərəkətlərin baş verməsi ilə əlaqədar yaranır. Eyni vaxtda baş verən və geniş əraziləri əhatə edən transqressiyareqressiya hadisələri məhz O.S.E.T. ilə bağlıdır. O.S.E.T. anlayışını elmə 1888-ci ildə avstriyalı geoloq Eduard Züss daxil edib.

Coğrafiya terminləri lüğəti