Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

okean yatağı

Dünya okeanı dibinin materik yamacları və okean çökəklikləri, həmçinin orta okean dağ silsilələri arasında yerləşən hissəsi.

O.Y. okean relyefinin ən nəhəng elementlərindən biridir və təxminən 2000-3000-dən 6000 metrədək dərinlikləri əhatə edir. O.Y. okean Yer qabığı tipinə malik olub, əsasən, yastı akkumulyativ düzənliklərdən və səthi mürəkkəb parçalanmış təpəliklərdən ibarətdir. Canlı orqanizmlərin inkişafı üçün əlverişli şərait olmadığından (işığın azlığı, yüksək təzyiq və s.) bitki və heyvanlar aləmi də çox kasaddır. O.Y. Yer səthinin ümumi sahəsinin təqribən 55%-ni əhatə edir.

See also:

Coğrafiya terminləri lüğəti

okean Yer qabığı

Okeanın dibində Yerin bərk üst qatı.

Materik Yer qabığından fərqli olaraq, əsasən, iki laydan – üst çökmə süxur (2-5 km) və alt bazalt süxurdan (5-10 km) ibarətdir. O.Y.Q.-nın orta qalınlığı təxminən 10 km təşkil edir. Müstəsna hal kimi Dünya okeanının bəzi sahələrində (məsələn, Seyşel adaları rayonunda) qalınlığı 25-30 km-ə çatan və “mikromaterik” adlandırılan O.Y.Q.-na rast gəlmək olur: burada bazalt süxurdan başqa, qranit-metamorfik lay da yerləşir.

Coğrafiya terminləri lüğəti

okeanologiya

yun. okeanos – ucsuz-bucaqsız dəniz + yun. logos – elm, təlim

Dünya okeanında fiziki, kimyəvi, bioloji, geoloji prosesləri öyrənən elm sahəsi.

O. sahilləri, relyefi və dib qruntunu, dəniz suyunun fiziki, kimyəvi xüsusiyyətlərini və radioaktivliyini, axınları, qabarmaları, dalğaları, səviyyə tərəddüdünü, istilik, optik və akustik hadisələri, bitki və heyvanlar aləmini, okean və atmosferin qarşılıqlı əlaqəsi nəticəsində baş verən prosesləri, həmçinin Dünya okeanının ayrı-ayrı sahələrini araşdırır. O.-nın tərkibinə dəniz fizikası, dəniz kimyası, hidrobiologiya, təcrübi O., hidroqrafiya, hidroakustika, hidrooptika və bu kimi elmi istiqamətlər daxildir.

See also:

Coğrafiya terminləri lüğəti

okklüziya

lat. occlusio – qapanmaq, gizlənmək

Sürətlə hərəkət edən soyuq atmosfer cəbhəsinin yavaş hərəkət edən isti atmosfer cəbhəsi ilə qovuşması.

O. zamanı qarşıdan geri çəkilən və arxadan gələn iki soyuq hava kütləsi birləşir, isti hava kütləsi troposferin daha yuxarı qatlarına sıxışdırılır. Nəticədə siklonda yağıntıların intensivliyi artır, onun hərəkəti yavaşıyır və getdikcə azalan temperatur fərqi siklonun sönməsinə səbəb olur.

See also:

Coğrafiya terminləri lüğəti

Ordovik dövrü

Böyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "ordovices" sözündən

Yerin geoloj inkişafı tarixində Paleozoy erasının ikinci dövrü.

O.D. təxminən 485 milyon il əvvəl başlanıb, 443 milyon il əvvəl sona yetib, yəni təqribən 42 milyon il davam edib. Dövrün adı Uels ərazisində yaşamış qədim ordovik tayfasının adından götürülüb və 1879-cu ildə ingilis geoloqu Çarlz Lapuors tərəfindən təklif olunub.

See also:

Coğrafiya terminləri lüğəti

orqanizm qalıqları

Keçmiş geoloji dövrlərdə yaşamış orqanizmlərin və onların həyat fəaliyyətinin izləri.

O.Q. daşlaşmış orqanlar, süxurlar, təbii qazıntılar və s. şəklində ola bilər.

Coğrafiya terminləri lüğəti

orqanogen süxurlar

yun. organon – orqan + yun. genesis – yaranma

Bitki və heyvan orqanizmlərinin qalıqlarından və ya onların həyat fəaliyyəti məhsullarından ibarət çökmə süxurlar.

O.S.-a maddə tərkibinə görə silisiumlu (yosun, süngər qalıqlarından ibarət və s.), karbonatlı (rif, əhəngdaşı, təbaşir və s.), fosfatlı süxurlar, həmçinin kömürlər (qonur kömür, antrasit, yanar şist və s.) daxildir.

Coğrafiya terminləri lüğəti