Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qütb faunası

lat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı

Yer kürəsinin qütbə yaxın ərazilərində yaşayan heyvanlar.

Q.F.-nı soyuq iqlimə uyğunlaşmış canlılar təşkil edir, ağ ayı, tundra tülküsü, bizon, müşk öküzü, pinqvin belə heyvanlara misal ola bilər.

Coğrafiya terminləri lüğəti

qütb florası

lat. Flora – Roma mifologiyasında çiçək və bahar ilahəsi

Yer kürəsinin qütbə yaxın ərazilərində yayılmış bitkilər.

Q.F., əsasən, soyuğadavamlı kiçik kollardan ibarətdir (mamır, şibyə, bizonotu və s.).

Coğrafiya terminləri lüğəti

qütb gecəsi

Qütb sahələrində günəşin bir gündən çox üfüqdən yuxarı qalxmadığı vaxt.

Q.G.-nin uzunluğu qütbə doğru artır, ən qısa Q.G. qışda qütb dairəsində (66°33’ paralel) iki günə yaxın, ən uzun Q.G. isə Şimal qütbündə 176 gün çəkir. Belə hadisə yayda Cənub qütbündə müşahidə edilir. Q.G. hadisəsinin yaranmasına səbəb Yerin fırlanma oxunun planetin orbit müstəvisinə perpendikulyara nisbətən meyilli olmasıdır.

Coğrafiya terminləri lüğəti

qütb gündüzü

Qütb sahələrində günəşin üfüq arxasında 24 saatdan çox batmadığı vaxt.

Q.G. qütb dairəsində (66°33’ paralel) yalnız 2 gün davam edir. Qütblərə doğru getdikcə Q.G.-nün uzunluğu artır və Şimal qütbündə 189 günə çatır. Analoji hadisə qışda Cənub yarımkürəsində baş verir. Q.G. hadisəsinin yaranmasına səbəb Yerin fırlanma oxunun planetin orbit müstəvisinə perpendikulyara nisbətən meyilli olmasıdır.

Coğrafiya terminləri lüğəti

qütb iqlimi

Yerin Şimal və Cənub qütbləri yaxınlığındakı sahələrdə formalaşan iqlim.

Q.İ. Arktika hövzəsi və onun adaları, Qrenlandiya, Cənub yarımkürəsində isə Antarktida üçün səciyyəvidir. Q.İ. ilboyu antisiklon hava tipinin üstünlüyü ilə xarakterizə olunur, bu ərazilərin radiasiya balansı sıfıra yaxındır. Orta aylıq temperatur qışda Mərkəzi Arktikada -40°C, Qrenlandiyada -50°C, Antarktidada -70°C, yay aylarında isə müvafiq olaraq 0°C, -15°C və -35°C təşkil edir. Burada mütləq minimum temperatur Antarktidada müşahidə olunub: -91,2°C. İllik yağıntıların miqdarı 100-250 mm-dən çox deyil.

Coğrafiya terminləri lüğəti

qütb parıltısı

Termosferdə, adətən, 80 km-dən 500 km-ə, bəzən 1000-1200 km-ə qədər yüksəklikdə müşahidə olunan işıqlanma hadisəsi.

Q.P. Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması zamanı yaranır. Maqnit sahəsinə düşən elektronlar fizika qanunlarına uyğun olaraq qütblərə doğru hərəkət edir. Qütblərə toplanan yüklərin təsirindən hava atomları ionlaşır və “həyəcanlanır”. Nəticədə Q.P. əmələ gəlir. Belə parıltı Yerdən saçaq, pərdə və daraq şəklində görünür.

Coğrafiya terminləri lüğəti

qütb sahələri

Hər iki yarımkürədə 66°33’ şimal və cənub enlikləri (qütb dairələri) ilə qütblər arasında qalan sahələr.

Q.S. qütb gündüzüqütb gecəsi hadisələri ilə səciyyələnir. Yer kürəsində ən soyuq ərazilər bu sahələr daxilində yerləşir.

Coğrafiya terminləri lüğəti

qütb ulduzu

Kiçik Ayı bürcündə ən parlaq ulduz.

Q.U. Şimal qütbü üzərindədir və burada yerini dəyişmir. Ona görə də aydınlıq gecədə cəhətləri təyin etmək üçün Q.U.-ndan istifadə edilir. Q.U. hər hansı məntəqədə həmin məntəqənin yerləşdiyi coğrafi enliyə uyğun bucaq altında görünür; məsələn, 40° şimal enliyində yerləşən Bakı şəhərində Q.U.-nu 40°, 56° şimal enliyində yerləşən Moskva şəhərində isə 56° bucaq altında görmək olar.

Coğrafiya terminləri lüğəti

qranatlar

lat. granatus – dənəli

Kubik sinqoniyada kristallaşaraq müxtəlif formalı izometrik kristallar, çox vaxt dənəli aqreqatlar, girdə dənələr və s. əmələ gətirən mineral qrupu.

Tərkibindən asılı olaraq rəngsiz, yaşılı-sarı, yaşıl, qonur, çəhrayı, qırmızı, qara və s. rəngdə olur. Kontakt-metasomatik, maqmatik proseslər nəticəsində əmələ gəlir. Əsasən, skarn, qneysmetamorfik şistlərdə, peqmatit damarlarda, nadir hallarda püskürmə süxurlarında olur. Şəffaf, gözəl rəngli növləri qiymətli daş kimi zərgərlikdə, sərt qeyri-şəffaf növləri isə texniki abraziv material kimi işlənir.

See also:

Coğrafiya terminləri lüğəti

qreyzen

alm. greisen

Metasomatik mənşəli süxur.

Əsasən, kvarsdan və açıq rəngli mikalardan (lepidolitmuskovit) ibarətdir. Q. qranitli süxurların qreyzenləşməsi nəticəsində əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

qalenit

lat. galena – qurğuşun filizi

Kubik sinqoniyada kristallaşaraq ayrı-ayrı kristallar və dənəli aqreqatlar əmələ gətirən mineral; qurğuşun-sulfid PbS.

Rəngi qurğuşunu-bozdur. Metal parıltılıdır. Q. kövrəkdir; yarımkeçirici xassəsi var. Hidrotermal yataqlarda sfalerit, xalkopirit, piritlə birlikdə tapılır. Q. qurğuşun istehsalında əsas xammaldır.

Coğrafiya terminləri lüğəti

qaqat

yun. gagates – qara kəhraba, şəvə; qədim Lidiyada yer adından

Daş kömürün tünd-qara rəngli, tutqun parıltılı, özlü növü.

Əmələ gəlməsi MezozoyKaynozoy çöküntülərindəki dəniz lillərində gömülmüş oduncağın metamorfizmləşməsi ilə əlaqələndirilir. Qumdaşılarda, mergellərdə, həmçinin daş kömür və qonur kömürün zəif metamorfizmləşmiş laylarında yığımlar, parçalar və s. şəkildə rast gəlir. Q. asan emal olunur, yaxşı pardaxlanır.

Coğrafiya terminləri lüğəti

qeyzerit

Ağ və ya açıq rəngli, yüngül tufabənzər opallı süxur.

Qeyzerlərdən və digər isti bulaqlardan silisium-oksidin çökməsi nəticəsində əmələ gəlir. Əsasən silisium-oksiddən (opaldan) ibarətdir. Tərkibində az miqdarda alüminium-oksid qatışığı da olur.

Coğrafiya terminləri lüğəti