Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

sinklinal

yun. synklino – əyilirəm

Dağ süxurlarında qatların aşağı əyilərək çökəklik yaradan qırışıqlıq.

S.-lar, əsasən, geosinklinal sahələr üzərində yerləşir, sineklizlərdən fərqli olaraq seysmik cəhətdən aktiv olur. Onlar daha çox ovalıqlara uyğun gəlir. Alp-Himalay geosinklinalı üzərində yerləşən Padan (İtaliya), Kolxida (Gürcüstan) və Kür-Araz (Azərbaycan) ovalıqları belə S.-lara aiddir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

sinklinorium

yun. synklino – əyilirəm + yun. oros – dağ

Daha kiçik sinklinalantiklinal qırışıqlıqlarla mürəkkəbləşmiş, bütövlükdə isə sinklinal xarakter daşıyan ərazi.

S.-lar, adətən, geosinklinallarda çökəkləri dolduran süxurların deformasiyası nəticəsində əmələ gəlir, mərkəzi hissədə səthin ümumi enməsi ilə səciyyələnir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

sinoptik xəritələr

yun. synoptikos – hər yeri müşahidə edə bilən

Üzərində şərti işarələrlə havada eyni vaxtda aparılmış müşahidə məlumatları (temperatur, təzyiq, buludluluq, küləyin istiqaməti və sürəti, atmosfer yağıntıları və s.) əks olunmuş coğrafiya xəritələri.

S.X. atmosferin səthə yaxın və müəyyən yüksəklik səviyyələri üçün tərtib edilir. Sutka ərzində bir neçə dəfə (2-8 dəfə) tərtib olunan S.X.-in sinoptik təhlili havanın qabaqcadan xəbər verilməsinə (hava proqnozu) imkan yaradır.

Coğrafiya terminləri lüğəti

sintetik xəritələr

yun. synthesis – birləşdirmə

Təsvir olunan ərazi, coğrafi obyektin ən ümumi cizgiləri haqqında məlumat verən, bu obyektlərin müxtəlif komponentlərinin, xüsusiyyətlərinin təhlilini əks etdirməyən xəritə.

Siyasi xəritələr, landşaft xəritələri, iqlim qurşaqları xəritələri və s. S.X.-ə misaldır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

sintoizm

yap. sinto – ilahların yolu

Yaponiyada milli din.

S.-in əsasını təbiət qüvvələrinə və əcdadların ruhlarına pərəstiş təşkil edir. S. buddizmin və daosizmin güclü təsirinə məruz qalıb. 1868-1945-ci illərdə Yaponiyada dövlət dini kimi imperatorun himayəsində olub.

Coğrafiya terminləri lüğəti

solfatarlar

ital. solfatara < solfo – kükürd

Vulkanın kraterində və yamaclarındakı çatlardan, deşiklərdən sızan, kükürd qazının su buxarı və digər qazlarla qatışığından ibarət şırnaqlar.

S.-ın temperaturu 100-300°C arasında olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

soliflüksiya

lat. solum – torpaq + lat. fluctio – axın

Su ilə ifrat rütubətlənmiş torpağın və nazik qruntun qatı plastik kütlə halında ağırlıq qüvvəsinin təsiri altında yamac boyunca axması.

S. yamacın mailliyi 3°-dən artıq olduqda nəzərəçarpacaq dərəcədə müşahidə edilir. S., əsasən, qütb ölkələrində, çoxillik və ya fəsli donuşluq sahələrində, habelə yüksək dağlıq qurşaqda müşahidə edilərək S. terrasları formalarının yaranmasına səbəb olur.

Coğrafiya terminləri lüğəti

solyar iqlim

lat. solaris – günəşli

Günəşin meyillilik dərəcəsindən və yerləşdiyi enlikdən asılı olaraq günəş radiasiyasının Yerə çatan və paylanan miqdarının nəzəri səhətdən hesablanması əsasında müəyyənləşdirilən iqlim; günəşli iqlim.

S.İ. hesablanarkən digər iqliməmələgətirici amil və proseslər (atmosferin ümumi dövranı, hava və dəniz axınları, relyef və s.) nəzərə alınmır. Günəş radiasiyasının Yer səthi yaxınlığında həqiqi paylanması S.İ.-dən kəskin surətdə fərqlənir. Bu, günəş radiasiyasının atmosferdən keçərkən qeyri-bərabər udulması və səpələnməsinin, həmçinin onun buludlar tərəfindən qeyri-bərabər əks olunmasının və digər faktorların nəticəsidir.

Coğrafiya terminləri lüğəti

solyar temperatur

lat. solaris – günəşli + lat. temperatura – normal hal

Coğrafi təbəqədə ancaq günəş radiasiyasının yekcins səth tərəfindən udulması və şüalandırılması ilə müəyyən edilən hava temperaturunun enliklər üzrə nəzəri paylanması.

Coğrafiya terminləri lüğəti