Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

tropikdənkənar siklon

Şimal və Cənub yarımkürələrinin mülayimqütb enliklərində, əsasən, qərb hava kütlələri zonasında yaranan siklon.

T.S. müxtəlif termodinamiki xassələrə malik hava kütlələrini bir-birindən ayıran qütb və arktik (antarktik) atmosfer cəbhələrində inkişaf edir. Onun mərkəzində təzyiq 950-920 mb-a qədər düşə bilər. T.S.-un orta sürəti 30-40 km/saatdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

tropiklər

1. Günəşin ildə bir dəfə zenitdə göründüyü coğrafi paralellər.

Yer kürəsində iki tropik var. Onlardan biri ekvatordan 23,5° (dəqiq – 23°26’21,4”) şimalda yerləşir, Şimal və ya Xərçəng tropiki adlanır. Bu tropik üzərində günəş zenitə iyunun 22-də – yay gündönümündə, Xərçəng bürcünə daxil olduqda qalxır. İkinci tropik isə ekvatordan 23,5° (dəqiq – 23°26’21,4”) cənubda yerləşir, Cənub və ya Oğlaq tropiki adlanır. Günəş Cənub tropiki üzərində zenitə dekabrın 22-də – qış gündönümündə, Oğlaq bürcünə daxil olduqda yüksəlir. T.-in coğrafi enlikləri Yerin fırlanma oxunun meyilliliyi ilə üst-üstə düşür və məhz onunla müəyyənləşdirilir: T. günəşin zenitdə göründüyü ən son paralellərdir. Bu paralellərdən şimala və cənuba günəş heç vaxt zenitə qalxmır, onların arasında qalan hər bir məntəqədə isə ildə iki dəfə zenitdə görsənir.

2. Tropik qurşaqların, bu qurşaqlarda yerləşən bütün coğrafi obyektlərin ümumiləşdirilmiş adı.

Coğrafiya terminləri lüğəti

tropopauza

yun. tropos – dönmə + yun. pausis – dayanma, kəsilmə

Troposferstratosfer arasında keçid təbəqə.

T.-nı səciyyələndirən başlıca xüsusiyyət burada termik qradiyentin troposferə nisbətən kəskin dəyişməsidir. Troposferdə temperatur yuxarı qalxdıqca aşağı düşür, T.-da isə sabitləşərək sonradan yüksəlməyə doğru gedir. T.-nın qalınlığı 2-3 km-ə qədərdir, hündürlüyü isə coğrafi enlikdən, ilin fəsillərindən və s.-dən asılı olaraq 8-18 km arasında dəyişir. Subtropiklərdə güclü şırnaqlı hava axınlarının təsiri ilə T. pozulur, nəticədə alçaq isti qütb T.-sı və yüksək soyuq tropik T.-sı yaranır.

Coğrafiya terminləri lüğəti

troposfer

yun. tropos – dönmə + yun. sphaira – kürə

Atmosferin Yer səthinə qovuşan və onun təsiri altında olan ən alt qatı.

T.-in yuxarı sərhədi qütb enliklərində 8-10 km, mülayim enliklərdə 10-12 km, tropik enliklərdə isə 18 km-ə qədər hündürlükdən keçir. Bütün atmosferdə hava kütləsinin 80%-dən çoxu və su buxarının hamısı T.-dədir. Meteoroloji proseslər və hadisələr, əsasən, atmosferin bu qatında baş verir. T.-də hava kütlələrinin müxtəlif növ coğrafi tipləri formalaşır, atmosfer cəbhələri, siklonantisiklonlar yaranır, digər proseslər inkişaf edir.

Coğrafiya terminləri lüğəti

tuf

lat. tophus – məsaməli süxur

Vulkan külü, qumu və s. bərk püskürmə məhsullarının sementləşməsindən əmələ gələn süxur.

T. yüksək dekorativ xassələrə malik qiymətli inşaat materialıdır.

Coğrafiya terminləri lüğəti

tufan

Böyük təzyiq fərqinə malik, bir-birinə yaxın hava kütlələrinin yaratdığı güclü külək.

T.-lar, adətən, siklonlarla əlaqəli olur. Onların sürəti 30 m/san-dək çatır. T. davamlı əsir, quruda böyük dağıntılara, dənizdə isə güclü dalğalanmaya səbəb olur.

Coğrafiya terminləri lüğəti

tuqay landşaftı

türk. tuqay – meşə + alm. landschaft – ölkə, mahal

Orta Asiyada çayların subasarlarında bitən meşələrin yaratdığı landşaft tipi.

Geniş mənada: T.L. termini arid sahələrdə çayların subasarlarında bitən bütün meşələrə aid edilir. Belə meşələr Azərbaycanda Kür, Araz, Tərtər çayı hövzələrində və s. subasarlarda geniş yayılmışdı, lakin onların əksəriyyəti qırıldığı üçün 2015-ci ildə ölkənin meşələrinin cəmi 1%-ni tuqay meşələri təşkil edirdi. Qarayazı milli qoruğunda tuqay meşələri mühafizə olunur.

Coğrafiya terminləri lüğəti

tundra

fin. tunturi – çılpaq yüksəklik

Avropa, Asiya və Şimali Amerikanın daimi donuşluq sahəsində geniş, meşəsiz təbii zona.

Subarktik, qismən arktik iqlim qurşaqlarının əhatə etdiyi T. zonasında illik radiasiya balansı aşağı (8-20 kkal/sm2), oktyabrdan aprelədək mənfidir. Qış 8-9 ay (bunun 60-80 günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5°C...-40°C, iyulda +5...+10°C-dir. İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Bu ərazilərdə buxarlanma düşən rütubətdən az olduğu üçün bataqlıqlar çoxdur, heyvan və bitki aləmi soyuğa dözümlüdür. T. Rusiya, ABŞ, Kanada və Skandinaviya ölkələrində böyük ərazilər tutur. Cənub yarımkürəsində subantarktikantarktik iqlim qurşaqlarının bəzi adalarında da (məsələn, Cənubi Sandviç, Kergelen) T. kiçik sahələri əhatə edir, bu zona Antarktik T. adlandırılır. Bundan başqa, yüksək dağlıq ərazilərdə – Cənubi Amerikada And dağlarında, Şimali Amerikada Makkenzi və Müqəddəs İlya dağlarında, Avrasiyada Tibet və Alp dağlarında və s. – meşə zolağı ilə buzlaqlar arasında da belə kiçik rayonlar var. Onlara isə Alp T.-sı deyilir.

Coğrafiya terminləri lüğəti

tüfeyli konus

yun. konos – şam qozası

Vulkan konusunun yamacında mərkəzi kanaldan ayrılmış yan kanalın krateri.

Bəzi vulkan konuslarının yamaclarında onlarca belə konus olur: Etna vulkanının 200-ə qədər T.K.-u var.

Coğrafiya terminləri lüğəti