Daimi yaşayış yerindən işlə əlaqədar olmayaraq başqa yerlərə səfər etmiş insanlara xidmətlər göstərən, onlar üçün məhsullar hazırlayan sahələrin və müəssisələrin əlaqəli fəaliyyəti, iqtisadiyyatın fundamental sektorlarından biri.
T. çox gəlirli və sürətlə inkişaf edən iqtisadiyyat sahəsinə çevrilib. Dünya Səyahət və Turizm Şurasının hesabatına görə, 2014-cü ildə T. qlobal ümumi daxili məhsulun 9,8%-ni verərək bu göstərici üzrə kimya (8,6%) və avtomobil (7,0%) sənayelərini, aqrar (8,5%) və bank (5,9%) sektorlarını ötüb. İşsizliyin aradan qaldırılmasında T.-in rolu olduqca böyükdür. 2014-cü ildə bütün dünyada işləyənlərin 9,4%-i T. sahəsində çalışıb. Bu, avtomobil sənayesi işçilərinin sayından 7 dəfə, kimya sənayesində işləyənlərdən 5 dəfə, bank xidməti sahəsində çalışanlardan 4 dəfə çoxdur. T.-dən ən çox gəlir götürən ölkələrin ilk üçlüyünə ABŞ (117 mlrd. dollar), İspaniya (65 mlrd. dollar) və Çin (57 mlrd. dollar) daxildir. Türkiyənin gəlirləri isə həmin müddətdə 34 mlrd. dollar təşkil edib.
Coğrafiya terminləri lüğəti