Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

termal sular

yun. therme – isti

Yer qabığının 20°C və daha yüksək temperatura malik yeraltı suları.

T.S. isti bulaqlar, qeyzer və buxar şırnaqları şəklində səthə çıxır. Onların kimyəvi və qaz tərkibi, minerallaşma dərəcəsi müxtəlifdir. T.S.-dan qədimdən müalicə məqsədilə istifadə olunur. Onlar Alp dağlarında, Kamçatka və Apennin yarımadalarında, Yeni Zelandiya adasında daha geniş yayılıb. Azərbaycanda T.S.-a, əsasən, Kəlbəcər, Astara, Lənkəran, Masallı, Quba rayonlarında və Abşeron yarımadasında rast gəlinir.

See also:

Coğrafiya terminləri lüğəti

termik pillə

Atmosferdə temperaturun 1˚C dəyişməsi üçün yuxarı qalxmaq, yaxud aşağı enmək lazım gələn məsafə.

T.P. termik qradiyentin əksidir. Əgər troposferdə hər 100 m-ə termik qradiyent orta hesabla 0,6°C təşkil edirsə, deməli, T.P. 1°C üçün 166,7 m-ə bərabərdir.

Coğrafiya terminləri lüğəti

termokarst

yun. therme – isti + alm. karst – Sloveniyada yerləşən Kras platosunun adından

Çoxillik donuşluq sahələrdə yeraltı buzun və ya donmuş qruntun əriməsi nəticəsində Yer səthinin çökmüş hissəsi.

T.-lar iqlimin istiləşməsi, Yer qabığında istilik rejiminin dəyişməsi və s. səbəblərdən yaranır. Bəzən belə çökəkliklərdə karst mənşəli göllər əmələ gəlir. Rusiyanın şimalında Taymır və Yamal yarımadaları, Kanadada Labrador yarımadasında çoxlu T.-lar görmək mümkündür.

Coğrafiya terminləri lüğəti

termoklin

yun. therme – istilik + yun. klino – əyilirəm

Dünya okeanında şaquli termik qradiyenti üst və alt su laylarının termik qradiyentindən kəskin fərqlənən su layı.

T. müxtəlif temperatura malik qarışmayan su kütlələri arasında on metrlərlə qalınlığı olan təbəqə yaradır, mövsümi və daimi olur. Mövsümi T., adətən, 200 m-dək dərinlikdə yerləşir, fəsil dəyişməsi zamanı baş verən proseslərlə, məsələn, buzların əriməsi ilə bağlı olur. Daimi T. isə 1000-2000 m dərinliklərdə ilboyu dəyişmir.

Coğrafiya terminləri lüğəti

termometr

yun. therme – istilik + yun. metreo – ölçürəm

Mühitin, mühitlə bilavasitə təmasda olan orqanizmlərin temperaturunu ölçmək üçün cihaz.

T. geologiya, meteorologiya, okeanologiya və s.-də ən çox istifadə olunan ölçü cihazlarındandır. Onun mayeli, qazlı, mexaniki, termoelektrik, optik, infraqırmızı T. kimi müxtəlif növləri var. T. XVI əsrin sonu – XVII əsrin əvvəlində ixtira edilib. Onun ixtiraçıları sırasında Qalileo Qaliley, Santorio, Frensis Bekon və digər görkəmli alimlərin adları çəkilir.

Coğrafiya terminləri lüğəti

termosfer

yun. therme – istilik + yun. sphaira – kürə

Təxminən 80-85 km yüksəklikdən başlayan atmosfer qatı.

T.-in yuxarı sərhədi barədə elmi ədəbiyyatda, lüğət və ensiklopediyalarda 300 km-dən 800 km-dək müxtəlif məlumatlara rast gəlmək olur. T.-i təşkil edən qazlar mənfi və müsbət yüklü ionlardan ibarət olduğundan o, bütünlüklə ionosfer adlanan təbəqədə yerləşir. T.-də temperaturun kəskin artması və 200-300 km hündürlükdə 1500°C-yə çatması müşahidə edilir. T.-də hava həddən artıq seyrək olduğundan belə yüksək temperatur hiss olunmur, şərti məna daşıyır və ancaq qaz hissəciklərinin orta hərəkət sürətini müəyyən edir.

Coğrafiya terminləri lüğəti

terrigen çöküntülər

lat. terra – torpaq, yer + yun. genes – mənşə

Quru səthində gedən denudasiya prosesi nəticəsində okean və dənizlərin materik dayazlıqlarına daşınıb çökdürülən qırıntı materialları.

Dünya okeanı dibinin təxminən 1/4-i T.Ç.-lə örtülüdür.

Coğrafiya terminləri lüğəti

terrikon təpələr

fr. terri – süxur tullantısı + yun. conigue – konusşəkilli

Sənaye tullantıları, şlaklar və faydalı qazıntıların hasilatı zamanı tərkibi kasıb olan filizlərin müəyyən ərazidə toplanması nəticəsində əmələ gələn süni təpə.

T.T. torpaqların çirklənməsinə səbəb olur və toplandıqları ərazilərdə ekoloji gərginlik yaradır.

Coğrafiya terminləri lüğəti