Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

tibbi coğrafiya

Ərazidə təbii və sosial-iqtisadi şəraitin əhalinin sağlamlığına, xəstəliklərin yaranması və Yer kürəsində yayılmasına təsirini öyrənən elm sahəsi.

T.C. coğrafiya ilə tibb elminin sərhədində formalaşıb, tədqiqat metodlarına görə o, coğrafiya, məqsəd və vəzifələrinə görə tibb elminə daha yaxındır, tibb iqlimşünaslığı, tibb sosiologiyası, endemik xəstəliklər və bu kimi sahələrə bölünür.

Coğrafiya terminləri lüğəti

topa buludlar

Troposferin alt və orta qatlarında formalaşan, şaquli istiqamətdə inkişaf etmiş buludlar.

T.B. – konvektiv buludlardır: onlar havanın qeyri-bərabər qızması və isti havanın yuxarı qalxması nəticəsində yaranır. Adətən, gündüzlər əmələ gəlir, axşamlar dağılır. T.B.-ın aşağı sərhədi havanın rütubətliliyindən asılı olaraq 800 m-dən 4-4,5 min m-dək yüksəklikdə yerləşə, onların qübbəvarı zirvələri 5 km-dən də hündürə qalxa bilər. Bu buludlar ağ-boz, mavi rəngdə olur, adətən, yağıntı vermir, elmi ədəbiyyatda “cumulus” (Cu) (latın dilindən tərcümədə: kütlə, topa) adlandırırlar.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

topoqrafik planaalma

Topoqrafik xəritələrin orijinalını yaratmaq üçün görülən kompleks tədbirlər, yerinə yetirilən işlər.

T.P. yerüstü və aerofototopoqrafik üsullarla aparılır, tərtib edilən xəritələrdə relyef horizontallarla təsvir olunur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

topoqrafiya

Topoqrafik xəritədə əks etdirmək məqsədilə məhəllin planaalma üsullarını işləyib hazırlayan elm sahəsi.

Müasir T.-nın əsas üsullarını aerofotoplanaalma və kosmik planaalma təşkil edir. Yerüstü planaalma havadan və kosmosdan planaalma əlverişli, yaxud mümkün olmayan sahələrdə (kiçik, yüksək dağlıq ərazilərdə və s.) aparılır. Yerüstü planaalma teodolit, menzula vasitəsilə, digər yollarla həyata keçirilir.

Coğrafiya terminləri lüğəti

topa-yağış buludları

Şaquli istiqamətdə güclü inkişaf etmiş, tünd-boz, qara rəngli sıx konvektiv buludlar.

T.-Y.B. gur yağıntı verir, bəzən dolu, ildırımla müşayiət olunur. Belə buludların əsası qışda təxminən 500-600 m, yayda 1-2 km-dək hündürlükdə yerləşir, zirvələri isə 5-8 km-ə çatır, bəzi enliklərdə daha yüksəyə qalxır. T.-Y.B. topa buludlardan əmələ gəlir, lakin onlardan üst hissəsində nəhəng zindan formasında kütlənin olması ilə fərqlənir. Bu, buludda buz kristallarının sıxlığını göstərir. T.-Y.B. elmi ədəbiyyatda “cumulonimbus” (Cb) (latın dilindən tərcümədə: qara bulud kütləsi) adlandırırlar.

Coğrafiya terminləri lüğəti

torf

Bataqlıq şəraitində natamam çürümüş bitki qalıqlarının toplanmasından əmələ gələn yanar faydalı qazıntı.

T.-un tərkibi 50-60% karbondan ibarətdir. Bütün dünyada quru səthinin təxminən 3%-ni örtən bu faydalı qazıntının ehtiyatları 500 milyard tona qədər qiymətləndirilir. Ən böyük T. yataqları Rusiya, Finlandiya, İsveç, İndoneziya, Kanada, Belarus və s. ölkələrdədir.

Coğrafiya terminləri lüğəti

torf bataqlığı

Torf əmələ gətirən rütubətsevər bitkilərlə örtülü, 30 sm və daha artıq torf qatına malik bataqlıq.

T.B.-ları, əsasən, mülayim qurşaqlarda yayılıb, nadir hallarda onlara tropik qurşaqlarda da rast gəlinir; məsələn, İndoneziyanın Sumatra adasında yerləşən bataqlıqda torf layının qalınlığı 9 m-ə çatır.

Coğrafiya terminləri lüğəti

tornado

isp. tornado < tornar – fırlatmaq

Güclü küləyin soyuq atmosfer cəbhəsi ilə toqquşması nəticəsində yaranan və qıf şəklində Yerə doğru meyillənən çox güclü burulğan.

T.-nun diametri böyük olmur, təxminən 100 m təşkil edir, lakin bu kiçik ərazidə külək saniyədə 50-140 m sürətlə fırlanır. Toz, Yer səthindəki iri əşyalar T.-nun mərkəzindəki olduqca alçaq təzyiq sahəsinə sorularaq göyə qaldırılır, külək ağacları kökündən qoparır, binalara, təsərrüfatlara ciddi ziyan vurur. T. ABŞ-ın cənub-şərqində, xüsusən Missisipi çayının orta axarı boyunda və Vest-Hind adalarında isti aylarda daha çox baş verir.

Coğrafiya terminləri lüğəti