Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

troq

alm. trog – təknə, çanaq

Buzlaq eroziyası nəticəsində əmələ gələn, dik yamacı, hamar və batıq dibi olan dərə.

Alp və Qafqaz dağlarında T. çoxdur.

Coğrafiya terminləri lüğəti

tropik fauna

yun. tropikos – dönən + lat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı

Ekvatorial, subekvatorialtropik qurşaqlarda yaşayan heyvanlar.

T.F. növlərinin sayı orta və şimal qurşaqları faunasında növlərin sayından çoxdur. Tropiklərdə növlərin zənginliyi və həyat formalarının müxtəlifliyi ilə əlaqədar olaraq heyvanlar üçün qoruyucu rəng, xüsusilə mimikriya xarakterikdir. Bəzi qruplar, məsələn, savannalarda antiloplar, rütubətli meşələrdə qarışqalar, bütün tropik vilayətdə termitlər həddindən artıq çox yayılıblar. Antropogen təsir (ovlanma) nəticəsində qurunun T.F.-sı çox dəyişib, bəzi növlər qırılıb, yaxud məhv olmaq üzrədir. Tropik adaların faunası daha böyük zərər çəkib. T.F.-nın mühafizəsi genofondun mühafizəsində mühüm rol oynayır.

Coğrafiya terminləri lüğəti

tropik hava kütləsi

Tropiksubtropik enliklərdə ilboyu, yayda isə həmçinin mülayim qurşağın cənub kontinental rayonları üzərində formalaşan hava kütləsi.

Kontinental (kTh) və dəniz (dTh) T.H.K.-ləri fərqləndirilir. Kontinental T.H.K. tropik enliklərin quru sahəsi üzərində və barik maksimumlarda (Böyük Səhra, Ərəbistan, Tar, Kalaxari, Viktoriya və s. səhralar), yay fəslində isə həm də Cənubi Avropa, Orta Asiya, Qazaxıstan, Şimali Çin üzərində formalaşaraq yüksək temperaturu, tozluluğu və quruluğu ilə səciyyələnir. Dəniz T.H.K. isə tropik akvatoriyalar üzərində – Azor və Havay maksimumları sahəsində əmələ gələrək yüksək temperaturu, lakin alçaq nisbi rütubətliliyi ilə xarakterizə olunur. T.H.K.-ləri həm mülayim enliklərə, həm də passatlarla ekvatorial qurşağa daxil olur.

Coğrafiya terminləri lüğəti

tropik iqlim

Tropik enliklərin orta illik temperaturu +18°C-dən aşağı düşməyən, nisbətən quru iqlimi.

Yüksək atmosfer təzyiqinin hakim olması bu enliklərdə ilboyu aydın və buludsuz hava şəraitinin yaranmasına, eyni zamanda günlük temperatur amplitudasının yüksək olmasına gətirib çıxarır. T.İ. bir-birindən kəskin fərqlənən 2 tipə ayrılır. Okean üzərində güclü buxarlanma havada nisbi rütubətin artmasına (80-95%) səbəb olur və rütubətli T.İ. tipi yaranır. Rütubətli T.İ. Vest-Hind, Kanar, Yaşıl Burun, Havay, Tuamotu, Milad, Müqəddəs Yelena, Madaqaskar və s. adalar üzərində müşahidə edilir, burada orta illik yağıntılar 500 mm-ə qədər çatır. Quru üzərində isə tropik səhralara xas quru T.İ. tipi formalaşır və Meksika yaylası, Şimali Afrika, Ərəbistan yarımadası və s. ərazilərə hakim olur, orta illik yağıntılar 250 mm-dən, çox yerlərdə 100 mm-dən aşağı düşür.

Coğrafiya terminləri lüğəti

tropik qurşaqlar

Şimal və Cənub yarımkürələrində 20°-30° enliklər arasında yerləşən coğrafi qurşaqlar.

T.Q.-da havanın temperaturu daim yüksək, yağıntılar az olur. Quruda yarımsəhra və səhralar üstünlük təşkil edir, lakin rütubətli tropik meşələrsavannalar da mövcuddur. Dünya okeanının suyu yüksək temperatur (+20°C-yə qədər) və aşağı duzluluğu ilə səciyyələnir. Bu qurşaqlarda Şimali Amerikanın cənub, Cənubi Amerikanın mərkəzi hissələri, Afrikanın şimalı və cənubu, Avstraliyanın mərkəzi rayonları yerləşir.

Coğrafiya terminləri lüğəti

tropik meşələr

Ekvatorial, subekvatorial tropik qurşaqlarda təxminən 25° şm.en. və 30° c.e. arasında yayılan meşələr.

Yer kürəsində meşələrin yarısını T.M. təşkil edir. Burada ağaclar hündür (60-70 m, bəzən daha çox), bitki və heyvanlar aləmi zəngindir.

Coğrafiya terminləri lüğəti

tropik mussonlar

Tropik, ekvatorial enliklərdə qızmar və yağışlı yay, isti və quru qışla səciyyələnən iqlim şəraiti formalaşdıran mussonlar, mövsümi hava axınları.

T.M. üçün passat cərəyanları xarakterikdir. Onlar yarımkürələrin (Şimal və Cənub) növbə ilə qızıb-soyuması nəticəsində yaranır, fəsillər üzrə istiqamətini dəyişir: yayda ekvatordan tropik qurşaqlara (yay mussonu), qışda isə tropik qurşaqlardan ekvatora doğru hərəkət edir. T.M. Hindistan, Hind-Çin, subekvatorial Afrika və qismən Şimali Avstraliya üzərində aydın təzahür edir.

See also:

Coğrafiya terminləri lüğəti

tropik səhralar

Tropik qurşaqların, materiklərin daxili hissələrində və okeanların qərb sahilboyu sahələrində yerləşmiş səhralar.

Materiklərin daxilindəki səhralar: Afrikada Nubiya, Böyük Səhra, Ərəbistan yarımadasının cənubunda Rub-əl-Xali, Avstraliyada Böyük Qum və Viktoriya səhralarıdır. Onlar çox isti (orta aylıq temperatur +35˚C-yə qədər), çox quru və kəskin kontinental iqlimi ilə seçilir. Bu səhralarda çay şəbəkəsi, demək olar, yoxdur. Okeanların qərb sahilboyu səhralarına isə Namib və Atakama səhraları misal ola bilər.

See also:

Coğrafiya terminləri lüğəti

tropik siklonlar

Əsasən, tropik enliklərdə yaranan və hərəkət edən siklonlar.

T.S.-ın mərkəzində təzyiq çox aşağı (950 mb-a qədər və daha az) olur. Belə siklonların hərəkəti zamanı küləyin sürəti 70 m/san-ni ötür, çox güclü leysan yağışları və tufan baş verir, hətta bəzən dənizin səviyyəsi qalxır.

See also:

Coğrafiya terminləri lüğəti

tropik yağışlar

Tropik enliklərdə tufanla müşayiət olunan, leysan xarakterli yağışlar.

T.Y. daha çox Malakka, Hind-Çin, Hindistan yarımadaları və Zond arxipelaqı üçün səciyyəvidir. Bəzən belə yağıntılar böyük fəlakətlərə səbəb olur. Ekvator yaxınlığında T.Y. ilboyu yağır, gündönümü vaxtı (yazda və payızda) güclənir. Ekvatordan nisbətən uzaq ərazilərdə isə maksimum yağıntılar yayda düşür, qış quraq keçir.

Coğrafiya terminləri lüğəti

tropikdənkənar musson

Mülayim qurşağın və yüksək enliklərin üzərində formalaşan musson küləkləri.

T.M.-un formalaşmasına səbəb Asiya üzərində qışda dayanıqlı antisiklonun, yayda isə siklonun hakim olmasıdır. Belə musson Uzaq Şərqdə, Çinin şimal-şərqində, Koreya və Yaponiyada müşahidə edilir, həmçinin ABŞ-ın şərq sahilboyunda özünü göstərir. T.M. Avrasiyanın şimalında musson tendensiyası xarakteri daşıyır.

See also:

Coğrafiya terminləri lüğəti

tropikdənkənar səhralar

Əsasən, mülayim, qismən subtropik qurşaqlarda yerləşmiş səhralar.

Turan ovalığında Qaraqum və Qızılqum səhraları, Mərkəzi Asiyada Təklə-Məkan və Qobi, İran yaylasında Dəşti-Kəvir (Böyük Şor) və Dəşti-Lut səhraları, Hindistan yarımadasında Tar, Ərəbistan yarımadasında Suriya səhraları, Şimali Amerikada Böyük Hövzə və Hil səhraları, Cənubi Afrikada Kalaxari səhrası və s. T.S.-dır. Belə səhraların iqlimi çox quru, buxarlandırma qabiliyyəti çox yüksək, yağıntının miqdarı isə az (ildə 250-300 mm-dək) olur, onlar qızmar və quru yayı, mülayim və soyuq qışı ilə səciyyələnir.

See also:

Coğrafiya terminləri lüğəti