Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

xarici planetlər qrupu

yun. planetos – gəzən ulduz

Günəş sisteminin Yer qrupu planetlərinin orbitlərindən arxada yerləşən, bir sıra ümumi fiziki xüsusiyyətlərə malik böyük planetləri.

Bunlar Yupiter, Saturn, Uran və Neptundur. Xarici planetlər böyük ölçülərə və kütləyə malikdir. Yer qrupuna aid planetlərdən fərqli olaraq onlar qazlardan ibarətdir (hidrogen, helium, ammonyak, metan və s.). Xarici planetlər soyuqdur, qalın atmosferləri var, öz oxları ətrafında sürətlə fırlanır, lakin orbit üzrə Günəş ətrafında yavaş hərəkət edir; məsələn, Neptun Günəş ətrafında 165 ildə bir dövrə vurur. Xarici planetlərin çoxlu sayda peykləri var.

Coğrafiya terminləri lüğəti

Xərçəng tropiki

yun. tropikus – dairəvi döngə

Şimal tropiki, günəşin ildə bir dəfə zenitdə göründüyü iki paraleldən biri.

X.T. təqribən 23,5° şimal enliyinə uyğun gəlir. Tropikin adı yay gündönümündə Günəşin daxil olduğu bürcün adından götürülüb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

xəritənin riyazi əsasları

Xəritə hazırlanarkən əsas götürülən riyazi qaydalar və göstəricilər: miqyas, kartoqrafik proyeksiya (Yerin ellipsoidinin müstəvidə əks etdirilməsi üsulu), dərəcə toru, coğrafi koordinatlar və s.

Xəritədən istifadə edən şəxs bu qaydaları bilməli, məsələn, iki məntəqə arasındakı real məsafəni bilmək üçün miqyas əsasında riyazi hesablama aparmalıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

xəritəşünaslıq

Kartoqrafiyanın nəzəri əsaslarını, inkişaf tarixini, kartoqrafik mənbələrin təhlil metodlarını, bu mənbələrin elementlərini, xüsusiyyətlərini və s.-ni öyrənən elm sahəsi, kartoqrafiyanın bir bölməsi.

Bəzən xəritələrdən istifadə metodlarını da X.-a aid edirlər.

Coğrafiya terminləri lüğəti

xətti eroziya

lat. erosio – yuyulma

Yer səthinin daimi, yaxud müvəqqəti su axınları ilə yuyulması nəticəsində uzun və ensiz çökəkliklərin yaranması, su axınının öz yatağını genişləndirməsi.

X.E., adətən, yağış və qarın əriməsi vaxtı maili relyefdə yumşaq süxurların yuyulması və cığırların açılması ilə başlayır. Təkrar yağışlar bu cığırları genişləndirir və dərinləşdirir, nəticədə yarğanlar, dərələr əmələ gəlir. X.E. denudasiya və ümumi eroziya prosesinin ən güclü faktorlarından biridir.

Coğrafiya terminləri lüğəti