Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

azimut

ər. əssəmut – istiqamət

Şimal istiqaməti ilə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə dəyişən bucaq.

A. dərəcəsi 0-360° arasında dəyişir. Bu bucaq məhəldə kompasla, planda isə transportirlə təyin edilir. Planda A.-u ölçmək üçün, ilk növbədə, şimala istiqaməti müəyyənləşdirmək lazımdır. Adətən, istiqamətlər planın kənarında oxla göstərilir.

Coğrafiya terminləri lüğəti

azonallıq

yun. a – inkar şəkilçisi + yun. zone – qurşaq

Müəyyən təbii zona üçün xarakterik olmayan, coğrafi zonallıq qanunauyğunluqları ilə izah edilə bilməyən hər hansı hadisə, proses, landşaft forması.

A., adətən, ərazinin geoloji strukturu, tektonik rejimi, relyefin xüsusiyyətləri ilə əlaqədar baş verir və dağlarda xüsusilə nəzərə çarpır; məsələn, yüksəklik ərazilərdə qeyzerlərin təsiri altında formalaşan landşaft A.-a nümunədir.

Coğrafiya terminləri lüğəti

Azor antisiklonu

yun. anti – əks + yun. kyklon – fırlanan

Şimal yarımkürəsində Atlantik okeanının subtropik rayonları üzərində yerləşən yüksək təzyiq sahəsi.

A.A. atmosferin əsas hərəkət mərkəzlərindən biridir, onun mərkəzi Azor adaları yaxınlığındadır. Burada çoxillik orta atmosfer təzyiqi yanvarda 766 mm-dən, iyulda isə 769 mm-dən yuxarı olur. A.A. qışda Şimali Afrikanın, yayda Orta və Cənubi Avropanın (o cümlədən Azərbaycanın) havasına təsir edir.

Coğrafiya terminləri lüğəti

Bakı nordu

lat. nord – şimal

Abşeron yarımadasında və ətraf zonada əsən bora tipli soyuq, quru şimal küləyi, xəzri.

Böyük Qafqaz dağlarını aşan soyuq hava kütlələrinin təsiri ilə yaranır. Sürəti 10 m/san-dən çox olur, bəzən 40 m/san-yə çatır. Adətən, 1-3 gün davam edir, sahildən uzaqlaşdıqca gücü azalır. İldə 60-100 dəfə təkrarlanır. Xəzərdə iri dalğalar (hündürlüyü 10-11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatının hərəkətini pozur, hidrotexniki qurğulara zərər vurur. B.N. havanı kəskin dəyişdirir: qışda soyudur, yayda sərinlədir, yağıntılara səbəb olur.

See also:

Coğrafiya terminləri lüğəti

balansölçən

fr. balance – tərəzi + yun. grapho – yazıram, təsvir edirəm

Yerin radiasiya balansını ölçmək üçün cihaz.

B.-lər Günəşdən Yer səthinə gələn radiasiya ilə Yer səthindən əks olunan radiasiya fərqini hesablayır. Bu cihazların müxtəlif konstruksiyaları mövcuddur.

Coğrafiya terminləri lüğəti

balneologiya

lat. balneum – vanna, çimmək + yun. logos – söz, elm

Mineral suların mənşəyini, fiziki-kimyəvi xassələrini, orqanizmə təsirini və tibbi məqsədlərlə istifadə üsullarını öyrənən elm.

B.-nın tərkibinə balneoterapiya (mineral suların müalicəvi məqsədlərlə istifadəsi), balneotexnika (mineral su mənbələrinin istismarı və müdafiəsi), balneoqrafiya (mineral su mənbələrinin təsviri) daxildir. Hələ e.ə. V əsrdə yunan alimi Herodot mineral suların insan orqanizminə təsiri haqqında məlumat verib, e.ə. V–IV əsrlərdə yunan həkimi Hippokrat çay və duzlu dəniz sularının müalicəvi əhəmiyyətini qeyd edib. Mineral suların ilk təsnifatını I əsrdə romalı həkim Arxigen verib. Bir elm kimi B.-nın əsasını isə XVII–XVIII əsrlərdə mineral suların tərkibini müəyyənləşdirmiş və onlardan istifadə üsullarını araşdırmış alman alimi Frans Hofman qoyub.

Coğrafiya terminləri lüğəti

Baltik qalxanı

Qədim Şərqi Avropa platformasının şimal-qərbində səthə çıxan yüksəklik ərazi.

B.Q. Skandinaviya yarımadasının böyük hissəsini, Kola yarımadasını və Kareliyanı əhatə edir. B.Q. güclü metamorfizmə uğramış süxurlardan (qneysdən, kristallik şistlərdən, fillitlərdən), konqlomeratlardan və ArxeyProterozoy yaşlı mərmərlərdən ibarətdir.

Coğrafiya terminləri lüğəti

banka

alm. bank – dayazlıq, az dərinlik

Dünya okeanının dibinin ətraf hissələrə nisbətən dayaz, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət edən sahəsi.

B. vulkan, mərcan, tektonik və s. mənşəli ola bilər. Dünya okeanının bu hissələri bioloji resurslarla zəngin olur və adətən, çoxlu balıq ovlanan sahələrdir. Sahəsinə görə planetimizin ən böyük B.-ları bunlardır: Böyük Nyufaundlend (282,5 min km²), Böyük Baham (95,8 min km²), Saya-de-Malya (35 min km²), Seyşel (31 min km²) və s.

Coğrafiya terminləri lüğəti