Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

biom

yun. bios – həyat + lat. oma – cəm bildirən şəkilçi

Müəyyən iqlim şəraitinə, relyefə və s.-yə uyğunlaşmış, özünəməxsus florafaunası ilə səciyyələnən böyük ərazi.

Məsələn, tundra B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlarda B.-ların formalaşmasına coğrafi örtüyün şaquli zonallıq prinsipinə uyğun olaraq dəyişməsi təsir göstərir.

Coğrafiya terminləri lüğəti

biometeorologiya

yun. bios – həyat + yun. meteora – göy hadisələri + yun. logos – elm, təlim

Meteorologiya elminin atmosferdə baş verən fiziki və kimyəvi proseslərlə canlı orqanizmlərin qarşılıqlı əlaqəsini öyrənən sahəsi.

B. bütünlükdə canlı orqanizmlərin həyat və fəaliyyəti prosesinə təsir göstərən qanunauyğunluqların müəyyənləşdirilməsində mühüm rol oynayır.

Coğrafiya terminləri lüğəti

biosenoz

yun. bios – həyat + yun. koinos – ümumi

Biosferin müəyyən sahəsində ətraf mühitə uyğunlaşmış, abiotik faktorlar və digər amillər vasitəsilə əlaqədə olan bitki (fitosenoz) və heyvanlar aləminin (zoosenoz) məcmusu.

Məsələn, Xəzər dənizinin B.-u, meşənin B.-u. B.-un müəyyən ərazidə nə dərəcədə geniş yayılması iqlimdən, relyefdən, insanın təsərrüfat və qeyri-təsərrüfat fəaliyyətinin təsirindən, digər şərtlərdən asılıdır. Termini 1877-ci ildə alman zooloqu və botaniki Karl Möbius elmə daxil edib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

biosfer

Canlı orqanizmlərin yaşadığı və onların təsiri altında dəyişən Yer örtüyü.

B., demək olar, bütün hidrosferi, Yer qabığının üst və atmosferin alt qatlarını əhatə edir. B.-in sərhədi həyat üçün şəraitin yoxa çıxdığı – havanın həddən artıq seyrək, təzyiqin həddən artıq böyük, temperaturun həddən artıq yuxarı, yaxud aşağı olduğu yüksəkliklərdə və dərinliklərdə bitir. Bu sərhəd müxtəlif ərazilərdə fərqlidir; məsələn, yerin altında hansı dərinlikdə temperaturun +100°C-yə çatmasından asılıdır. B. terminini 1875-ci ildə onu “həyat örtüyü” kimi izah edən avstriyalı geoloq Eduard Züss elmə daxil edib.

Coğrafiya terminləri lüğəti

biotop

yun. bios – həyat + yun. topos – yer

Müəyyən biosenozun məskən saldığı sahə, ərazi.

B. tərkibindəki minerallar və üzvi maddələrlə, temperaturu, rütubətliliyi, işıqlanma dərəcəsi, təzyiqi ilə, həmçinin mühitin turşuluğu, mexaniki və fiziki xassələri ilə xarakterizə edilir. B.-lar bərk (torpaq, dənizin dibi), maye (su) və qaz halında (atmosfer) olur.

Coğrafiya terminləri lüğəti

bitki örtüyü

Yer kürəsində, yaxud onun müəyyən hissəsində yayılmış bütün bitki növlərinin cəmi.

B.Ö. biosferin tərkib hissəsidir. Ekvatordan qütblərə doğru iqlim, torpaq, digər coğrafi amillər zonallıq qanununa uyğun olaraq dəyişdiyi kimi, B.Ö. də müvafiq surətdə dəyişir (tundra, tayqa, meşə-çöl, səhra və s.). Dağlıq zonada B.Ö. tipləri bir-birini şaquli zonallıq qanununa uyğun şəkildə əvəzləyir. B.Ö.-nün müxtəlif təsnifat formaları var. Yaşayış mühitinə görə onlar hiqrofit, mezofit, kserofit, halofit və s., həyat formalarına görə ağac, kol, ot və bu kimi qruplara bölünür.

Coğrafiya terminləri lüğəti

boğaz

İki quru sahəni bir-birindən ayıran və ya iki su hövzəsini birləşdirən ensiz su zolağı.

B.-lar bərzəxlərin əksidir: onlar materikləri, adaları, ada və materiki ayırır, eyni zamanda okeanları, onların ayrı-ayrı hissələrini, dənizləri, dəniz və okeanı birləşdirir; məsələn, Berinq B.-ı Asiya ilə Şimali Amerika qitəsini bir-birindən ayırır, Şimal Buzlu okean ilə Sakit okeanı birləşdirir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti