ital. bora < yun. boreos – şimal küləyi
Sahilboyu alçaq sıra dağların yamaclarından dənizə doğru əsən güclü şimal küləyi.
Soyuq hava axınları qarşısında maneəyə rast gələndə, həmçinin dəniz sahili ilə dağlarda temperatur fərqi böyük olduqda havanın şaquli müvazinətini itirməsi nəticəsində yaranır. Daha çox qışda əsir. Orta sürəti saniyədə 20 metrə yaxın olur, bəzən 60 metrədək güclənir. B. küləyinin davamiyyəti 1 gündən 1 həftəyə kimidir. Özü ilə soyuq gətirir, çox güclü əsən zaman sutkalıq temperaturu on dərəcələrlə aşağı sala bilir, dağıntılara, tələfata səbəb olur. Aydın havada əsən B.-ya “ağ B.”, tutqun buludlu havada əsən və adətən, yağıntılarla müşayiət olunun B.-ya “qara B.” deyilir. Avropada Adriatik dənizi sahilində (Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Albaniya) və Fransanın cənubunda, Rusiyada daha çox Novorossiyskdə (Qara dəniz sahili), Baykal gölünün sahillərində və Novaya Zemlya adasında müşahidə edilir. Xəzər dənizi sahilində əsən Bakı nordu da B. tipli küləkdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti