Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ekosistem

yun. oikos – məskən, ev + yun. system – birlik, uyğunluq

Bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin yaratdıqları davamlı, öz-özünü tənzimləyən sistem.

Adətən, E. dedikdə mühitin canlı və cansız elementlərinin birliyi nəzərdə tutulur. Onların qarşılıqlı təsiri maddələrin biogen dövriyyəsinə şərait yaradır; məsələn, dəniz orada yaşayan bütün bitkilər, heyvanlar, mikroorqanizmlər, habelə kimyəvi tərkibi, fiziki parametrləri, mikroiqlimi ilə birgə vahid ekoloji sistemdir. E. davamlı, uzun, yaxud qısaömürlü ola bilər. E.-in öyrənilməsi təbii sərvətlərdən səmərəli istifadə etmək, təbiətin çirkləndirilməsinin, pozulmasının qarşısını almaq baxımından müasir dövrün ən aktual problemlərindəndir. E. terminini elmə 1935-ci ildə britaniyalı botanik, dünyanın ilk ekoloqlarından biri Artur Tensli gətirib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ekvator depressiyası

Ekvator xətti boyunca Yer kürəsini əhatə edən alçaq atmosfer təzyiqi sahəsi.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ekvator mussonları

lat. aequator – bərabərləşdirici, tarazlaşdırıcı + ər. “mövsüm” sözündən

Tropik qurşaqda mövsümi hava axınları.

Yanvarda Hind okeanının şimal hissəsində şimal-şərq (qış) mussonu əsir və ekvatoru keçir, iyulda isə cənub-qərb (yay) E.M. Cənubi Asiyaya doğru əsir.

Coğrafiya terminləri lüğəti

ekvatorial

Coğrafi terminlərin əvvəlinə əlavə edilərək ekvatora aidlik bildirən söz (məs.: ekvatorial meşə, ekvatorial ölkə, ekvatorial külək, ekvatorial enlik və s.).

Coğrafiya terminləri lüğəti

ekvatorial hava kütləsi

Ekvatorial qurşaq üzərində formalaşan hava kütlələri.

Yüksək temperatur və rütubətliliyi ilə səciyyələnir. Passat küləkləri hava kütlələrini tropik yüksək təzyiq qurşaqlarından ekvatorial alçaq təzyiq qurşaqlarına tərəf meyilləndirir. Ekvatorda atmosferin alt qatında hava kütlələri qızır, yuxarı qalxır və Yerin öz oxu ətrafında fırlanması nəticəsində qütblərə doğru hərəkət edir. Ekvatorial qurşaqda quru səthi ifrat rütubətli olduğu üçün həm okean, həm də quru üzərində formalaşan hava kütlələri eyni fiziki xassələrə malikdir, dəniz və kontinental növlərə bölünmür. E.H.K. hakim olan ərazilərdə bol yağıntılar düşür.

Coğrafiya terminləri lüğəti

ekvatorial iqlim

Ekvatorial hava kütlələrinin ilboyu hakim olduğu ərazilərin isti, rütubətli iqlimi.

E.İ. qurşağında Günəşdən gələn ümumi (cəm) radiasiyanın miqdarı il ərzində 140-150 kkal/sm2, radiasiya balansı quru səthində 80, okean səthində 100-120 kkal/sm2-ə bərabərdir. Okean və materik üzərində buxarlanma eyni olduğundan E.İ. dəniz və kontinental kimi tiplərə ayrılmır. Burada mütləq rütubətlik 30 q/m3, nisbi rütubətlik 85-95% təşkil edir. Orta illik temperatur 24-280, illik temperatur amplitudası 10-dən artıq deyil. Atmosfer yağıntılarının illik miqdarı isə 2000 mm-dən çoxdur. E.İ.-in hakim olduğu materik və adalarda həmişəyaşıl rütubətli ekvatorial meşələr geniş sahə tutur. E.İ.-də xionosferin aşağı sərhədi (iqlim qar xətti) 4600 m yüksəklikdən keçir.

Coğrafiya terminləri lüğəti

ekvatorial irq

Afrikanın tropik zonasında, Asiyanın cənubunda, Okeaniya və Avstraliyada yayılmış irq, Yer kürəsində üç əsas insan irqindən biri.

E.İ.-ə mənsub insanlar, əsasən, burun və dodaqlarının quruluşu, dərisinin rəngi, saçlarının forması ilə başqalarından seçilirlər. E.İ. dedikdə neqroid (tropik Afrika) və avstraloid (Avstraliya, Okeaniya) irqlərinin cəmi başa düşülür. Lakin E.İ. termini elmdə çoxlu mübahisələr doğurur. Bir sıra mütəxəssislər neqroid və avstraloid tipləri arasında aşkar olunmuş genetik fərqləri nəzərdə tutaraq onları ayırmağı təklif edirlər. Eyni zamanda XIX əsrdə yaranmış “neqroid” termini də müasir cəmiyyətdə və elmi dairələrdə birmənalı qəbul olunmur. Məsələn, Oksford lüğətləri onu köhnəlmiş təsəvvürlərə uyğun, potensial cəhətdən təhqiramiz ifadə kimi qiymətləndirərək istifadəsindən çəkinməyi tövsiyə edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ekvatorial qurşaq

Ekvatorun şimalında 5°-8°-dək şm.e. ilə cənubunda 4°-11°-dək c.e. arasında yerləşən coğrafi qurşaq.

E.Q. Yerin iki subekvatorial qurşağının ortasında qalır. Burada ilboyu ekvatorial hava kütlələri hakimdir, iqlim isti və rütubətli, bitki və heyvanlar aləmi çox zəngindir. İlin fəsilləri arasında fərq yoxdur, ya da cüzidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ekzarasiya

lat. exaratio – qazımaq

Hərəkət edən buzlağın öz yatağında süxurları dağıdaraq yeni relyef formaları yaratması.

Bu zaman troq dərələri, moren təpələri və s. əmələ gəlir. E. relyef formalarına daha çox qütbətrafı ərazilərdə və qar xəttindən yuxarıda yerləşən zirvələrdə rast gəlmək olar.

Coğrafiya terminləri lüğəti