Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

akkumulyasiya

lat. accumulatio – toplanma

Axar su, buzlaq, dəniz, külək, vulkanların və s.-nin fəaliyyəti nəticəsində çöküntülərin, üzvi qalıqların quruda, yaxud su hövzəsinin dibində toplanması.

A.-lar onların yaranmasına səbəb olan əsas geoloji amilə görə növlərə bölünür (məs.: su A.-sı, külək A.-sı və s.). Yer kürəsində bir sıra relyef formaları bu proses nəticəsində əmələ gəlib (məs.: Kür-Araz ovalığı, Qərbi Sibir düzənliyi və s.). A. düzən ərazilərdə özünü daha intensiv büruzə verir: Yer səthini hamarlayır, platforma çökəkliklərini doldurur, müxtəlif faydalı qazıntıların yaranmasına səbəb olur.

Coğrafiya terminləri lüğəti

akkumulyativ düzənlik

Mənfi relyef formalarının axar su, buzlaq, dəniz, küləklərin və s.-nin topladığı çöküntülərlə dolması nəticəsində yaranmış hamar sahə.

A.D.-lərin səthi az kələ-kötürlü, hündürlüyü 200 m-dən az olur. Çox zaman akkumulyasiya prosesində yığılan çöküntülər, üzvi qalıqlar platformaların çökdüyü ərazilərdə geniş ovalıqlar əmələ gətirir: Amazon, Atlantiksahili, La-Plata, Hind-Qanq, Missisipi, Kür-Araz, Turan və s.

Coğrafiya terminləri lüğəti

akkumulyativ relyef

Dəniz, çay, buzlaq, qravitasiya və s. çöküntülərinin, vulkan məhsullarının (lava, vulkan külü) toplanması nəticəsində əmələ gələn relyef formalarının ümumi adı.

Müvafiq olaraq mənşəyinə görə fərqlənən su A.R. forması (gətirmə konusu, delta), buzlaq A.R. forması (moren, drumlin), eol A.R. forması (dyun, barxan), qravitasiya A.R. forması (torpaq sürüşmələri, uçqunlar), vulkan A.R. forması (vulkan konusu) və s. mövcuddur. Bioloji proseslər, həmçinin insan fəaliyyəti nəticəsində yaranan A.R. tipləri (mərcan rifləri, terrikon təpələr) də var.

Coğrafiya terminləri lüğəti

aktinoqraf

yun. aktis – şüa + yun. grapho – yazıram, təsvir edirəm

Günəş radiasiyasının intensivliyini qeydə alan özüyazan cihaz.

A. termik qəbuledici rolunu yerinə yetirən güzgüdən və şüanın yaratdığı cərəyanı ölçərək yazan qurğudan ibarətdir.

Coğrafiya terminləri lüğəti

akvatoriya

lat. agua – su + lat. territorium – ərazi

Okeanın, dənizin, limanın və s.-nin hüdudları daxilində müəyyən şərti sərhədlərlə ayrılmış su sahəsinin səthi.

Təbii A.-lar okean, dəniz, körfəz, təbii göllərin, süni A.-lar isə quruda yaradılmış nohur, kanal və su anbarlarının səthindən ibarətdir. A.-lar gəmilərin dayanması, yüklənməsi, yaxud boşaldılması, hidroplanların enməsi və qalxması, yarışların və təlimlərin keçirilməsi və s. məqsədlər üçün istifadə olunur.

Coğrafiya terminləri lüğəti

aqlomerasiya

1. İri şəhərin təsir dairəsinə cəlb olunaraq onunla sıx sosial-iqtisadi əlaqələr qurmuş nisbətən kiçik və bir-birinə yaxın yaşayış məntəqələrinin toplusu.

Monosentrik (əsasən, bir böyük şəhər ətrafında toplanma) və polisentrik (bir neçə böyük şəhər ətrafında birləşmə) A.-lar mövcuddur. Avropa və Şimali Amerikada A.-lar XIX əsrin ortalarında yaranıb. XX əsrin ikinci yarısından etibarən isə A.-lar daha çox inkişaf etməkdə olan ölkələrdə (İEOÖ), xüsusilə Latın Amerikasında, Çində və Hindistanda formalaşır. Dünyanın ən böyük şəhər A.-larına Tokio, Pekin, Şanxay, Honkonq, Mumbay, Cakarta, Banqkok, Moskva, İstanbul, Paris, Mexiko, Nyu-York, San-Paulu, Rio-de-Janeyro, Buenos-Ayres, Los-Anceles və s. aiddir.

2. Filiz qırıntılarının və tərkibində metal olan tullantıların termik emal prosesində birləşərək külçə əmələ gətirməsi.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

aqreqat

lat. aggregatus – birləşdirilmiş

Süxur əmələ gətirən mineral dənəcik və ya kristallarının toplusu və ya bitişmiş vəziyyəti.

Sadə (monomineral) A.-lar bir mineral kristallarının, mürəkkəb A.-lar (polimineral) isə müxtəlif mineral kristallarının toplusundan ibarətdir; məsələn, mərmərkalsitin sadə A.-ı, qranit – şpat, kvarsmikanın mürəkkəb A.-ıdır.

Coğrafiya terminləri lüğəti