Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

ekzogen proseslər

yun. ekzo – xarici + yun. genos – yaranma + lat. processus – irəliləyiş

Yer səthində və Yer qabığının üst qatlarında hər hansı xarici qüvvənin təsiri altında baş verən fiziki və kimyəvi proseslər.

Ağırlıq qüvvəsinin, günəş enerjisinin, suyun, buzlaqların, küləyin və s-nin təsiri ilə baş verən aşınma, denudasiya, akkumulyasiya, çökmə hadisələri E.P.-ə misal ola bilər. Bəzi faydalı qazıntı (kömür, manqan, boksit, fosforit və s.) yataqlarının əmələ gəlməsi də bu proseslərin nəticəsidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ekzogen ritmlər

yun. ekzo – xarici + yun. genos – yaranma + yun. rhythmos – düzgün ölçülü, biçimli

Yer səthində və Yer qabığının üst qatlarında ətraf mühit komponentlərinin xarici qüvvələrin təsiri altında dövri olaraq dəyişməsi; məs.: gecə ilə gündüzün, mövsümlərin dəyişməsi, ay fazaları, qabarma və çəkilmə hadisələri və s.

Coğrafiya terminləri lüğəti

ekzosfer

yun. ekzo – kənar + yun. sphaira – kürə, təbəqə

Yer atmosferinin ən üst təbəqəsi.

E.-in aşağı sərhədi barədə elmi ədəbiyyatda, lüğət və ensiklopediyalarda 300 km-dən 800 km-dək müxtəlif məlumatlara rast gəlmək olur. Onun yuxarı sərhədi barədə də fərqli mülahizələr mövcuddur, lakin daha çox bu sərhədin təxminən 10.000 km yüksəklikdə yerləşdiyi fərz edilir. E.-də havanın sıxlığı çox azdır, onun qaz tərkibi, əsasən, hidrogen və heliumdan ibarətdir. Burada cazibə qüvvəsi zəif olduğundan atmosfer qazlarının yüngül hissəcikləri ayrılaraq kosmik boşluğa gedir.

Coğrafiya terminləri lüğəti

elementar landşaft

lat. elementarius – sadə, ilkin + alm. landschaft – ölkə, mahal

Eynicinsli süxurda, eyni relyef elementində yerləşərək müəyyən bitki və bir torpaq tipi ilə səciyyələnən landşaft forması. E.L.tipi üç cür olur: elüvial, subakval və superakval.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

elmi-texniki inqilab (ETİ)

Elmin bilavasitə istehsal qüvvəsinə çevrilməsi nəticəsində məhsuldar qüvvələrin keyfiyyətinin əsaslı surətdə dəyişməsi.

ETİ XX əsrin 40-50-ci illərindən başlayaraq planetdə yeni inkişaf mərhələsinə keçidi təmin edib. ETİ dövründə məhsuldar qüvvələrin keyfiyyət sıçrayışları baş verir, yeni materiallar, enerji mənbələri, texnologiyalar yaranır, avtomatlaşma sürətlənir. ETİ dünyanın iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrində bütün təsərrüfat sahələrində özünü aydın göstərir. ETİ-nin tərkibinə elm, texnika və texnologiya, istehsal və idarəetmə daxildir.

Coğrafiya terminləri lüğəti

elüvi

lat. eluvio – yuyub aparmaq

Əmələ gəldikləri yerdə (ana süxurlar üzərində) qalan aşınma məhsulları.

E. müxtəlifölçülü qırıntılardan ibarət olur, təbəqə (qat) əmələ gətirmir, tədricən ana süxurlara qarışır. Üfüqi və ya azmeyilli səthlərdə E. aşınma qabığı əmələ gətirir.

Coğrafiya terminləri lüğəti

elüvial

lat. eluvio – yuyub aparmaq

Aşınma məhsullarından, qırıntılardan ibarət olan.

Məsələn, E. horizontelüvisinin yuyulub alt qata keçdiyi süxurun profilində (en kəsiyində) görünən açıqrəngli yuxarı təbəqə, E. landşaftrelyefin yüksəklik hissələrində, suayırıcılarda aşınma məhsulları və qırıntıların formalaşdırdığı landşaftdır.

Coğrafiya terminləri lüğəti

elüvial landşaft

lat. eluvio – yuyub aparmaq + alm. landschaft – ölkə, mahal

Relyefin yüksəklik hissələrində formalaşan, çöküntü yaradan maddə və materialları, əsasən, atmosferdən alan elementar landşaft forması.

E.L. sahəsində qrunt suları dərinlikdə olur, bununla da o, elementar landşaftın digər formalarından fərqlənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

embarqo

isp. embargo – qadağan etmə

Müəyyən məhsulun idxalına və ixracına qoyulan qadağa.

E. anlayışına başqa dövlətə məxsus əmlakın müəyyən müddətə həbs olunması, saxlanılması, ölkələr arasında iqtisadi əlaqələrin müvəqqəti kəsilməsi halları da aid olunur. Müharibə şəraitində E. düşmən dövlətlərə qarşı, dinc dövrlərdə isə münaqişə aparılan dövlətlərə təzyiq göstərmək məqsədilə tətbiq olunur.

Coğrafiya terminləri lüğəti

emissiya

lat. emissio – buraxılış

Vulkan püskürməsi, zəlzələ kimi təbiət hadisələri zamanı, həmçinin müəssisələrdən, evlərdən, avtomobillərdən və s.-dən maye və bərk çirkləndirici maddələrin, yaxud enerjinin (istilik, səs, radioaktiv şüalar və s.) ətraf mühitə buraxılması.

E. mənbəyi emitent adlanır.

Coğrafiya terminləri lüğəti