Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

inqressiya

lat. ingressio – daxilolma

Dəniz səviyyəsinin qalxması və ya sahilboyu qurunun çökməsi nəticəsində dəniz sularının sahildə relyefin alçaq hissələrinə dolması.

İ. nəticəsində inqressiya tipli sahil əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

inqressiya tipli sahil

lat. ingressio – daxilolma + yun. typos – nümunə, forma

İnqressiya nəticəsində yaranan girintili-çıxıntılı sahil tipi.

Mənşəyinə görə belə sahillər fiord, şxer, rias, dalmasiya, liman və s. tipli olur.

Coğrafiya terminləri lüğəti

intrazonallıq

lat. intro – daxili + yun. zone – qurşaq

Müəyyən coğrafi zona daxilində yerli amillərin təsiri altında yaranan, bu tip zonalar üçün, adətən, səciyyəvi olmayan təbii xüsusiyyət, azonallığın xüsusi forması.

Səhralarda vahələr, yarımsəhralarda tuqay meşələri və s. azonal sahələrdir.

Coğrafiya terminləri lüğəti

intruziv süxurlar

lat. intrusio < lat. intrudo – itələyirəm

Yer qabığı dərinliklərində maqmanın soyuması və kristallaşması nəticəsində əmələ gələn maqmatik süxurlar, dərinlik süxurları.

İ.S. yüksək təzyiq şəraitində, maqmanın soyuma temperaturunu aşağı salan və mineralların kristallaşmasını təmin edən uçucu komponentlərin fəal iştirakı ilə formalaşır. Belə süxurlar iridənəli və tam kristallik quruluşlu olur, kimyəvi və mineraloji tərkibinə, həmçinin rəng və strukturuna görə ətraf süxurlardan fərqlənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

intruziya

1. Maqmanın Yer qabığını təşkil edən süxur qatlarına daxil olması prosesi.

Süxur qatları arasındakı çatlara və boşluqlara dolan maqma burada soyuyur və səthə çıxmadan Yerin dərinliyində yeni süxurlar yaradır.

2. Səthə çıxmadan Yerin dərinliyindəki süxur qatlarına daxil olaraq burada soyuyan maqmatik kütlə.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

ionosfer

yun. ion – gedən + yun. sphaira – kürə

Yer kürəsini əhatə edən güclü ionlaşmış atmosfer təbəqəsi.

Bu təbəqədə seyrək atom, molekul və elektronların ionlaşması qısadalğalı günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların və s.-nin təsiri nəticəsində baş verir. İ. atmosferin 50 km-dən yuxarıda yerləşən mezosfer qatından başlayır və minlərlə kilometr qalınlığa malikdir, onun yuxarı sərhədi kimi şərti olaraq Yerdən 15-20 min km-lik məsafə götürülür. İ. təbəqəsi Günəşin zərərli rentgen şüalarını udaraq onların Yerə çatmasına imkan vermir. İ. yüksək keçiriciliyə malikdir, onun bu keyfiyyəti kosmik radioəlaqənin həyata keçirilməsində mühüm rol oynayır. Qütb parıltısı və maqnit burulğanları kimi təbiət hadisələri məhz İ.-də yaranır.

Coğrafiya terminləri lüğəti

İslandiya minimumu

lat. minimum – ən az

Atlantik okeanının şimalında daim siklonların yarandığı alçaqtəzyiqli qapalı barik sistem.

İlboyu Yer atmosferinin hərəkət mərkəzlərindən biri kimi fəaliyyət göstərir. İslandiya ilə Qrenlandiya arasında yerləşən İ.M.-nun mərkəzində atmosfer təzyiqi yanvarda 748 mm, iyulda isə 757 mm təşkil edir. Bu zonada formalaşan siklonların təsiri bütün Şərqi Avropa düzənliyində, Qərbi Sibir ovalığında hiss olunur və Taymır yarımadasına qədər yayılır. İ.M.-nu eyni zamanda Şimali Atlantika minimumu da adlandırırlar.

Coğrafiya terminləri lüğəti