Reklam
Reklam

All dictionaries

İSMAYIL ibrani.

yisma’el sözü dilimizdə Allah eşidər, Tanrı xəbər tutar mənasındadır.

İsmayılın bu sözün ərəbcələşdirilmiş forması olması barədə mənbələrdə kifayət qədər məlumatlara rast gəlinir. Müqəddəs kitab “Quran”da adı çəkilən İsmayıl Peyğəmbər İbrahim Peyğəmbərin arvadı Saraya Misir padşahı tərəfindən bağışlanmış kənizdən – Hacərdən olan oğludur. Rəvayətə görə, İbrahim Peyğəmbər Allaha ona oğul verməsi üçün dua edərkən “uca Tanrı, duamı eşit və cavab ver (isma yə İl)” deyə müraciət etmişdir. Bu səbəbdən oğlu olanda İsmayıl adını vermişdir. Atası İbrahimi qurban vermək istərkən Tanrı uşağının yerinə Cənnətdən mələklər vasitəsilə qurbanlıq qoyun göndərir. İslam dinidə İsmayıl həm də ərəb peyğəmbərlərin atası adlandırılır. Allahın əmri ilə İbrahim Peyğəmbər Kəbəni inşa edərkən İsmayıl da ona kömək etmişdi. İsmayıl kişi adı bu gün də məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycanda adla əlaqədar İsmayıllı toponimi də məlumdur. Adın məşhur daşıyıcılarından XIX əsrdə yaşamış, hərbi xidmətə Əlahiddə Qafqaz Korpusu tərkibindəki alayda sıravi əsgər kimi başlayıb general-mayor rütbəsinə qədər yüksəlmiş İsmayıl bəy Qutqaşınlı (1809-1861) Azərbaycan maarifçiliyinin təşəkkülü dövründə özünün yeni insan, yeni ictimai münasibətlər haqqındakı arzularını bədii yaradıcılığında da ifadə etmişdi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İSMƏTULLA ərəb.

mürəkkəb adların tərkibində işlənən İsmat Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əsində İsmətüllah (bax: ad – İSMƏT; ÜLLAH) olan kişi adı Tanrının həmayili, Allahın günahsız bəndəsi, Allahın həyasına qısılan bəndəsi, qulu

anlamlarını ifadə edir.

Adın təhrif olunmuş forması İsmətulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız İsmətulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İSMİXAN ərəb.

mürəkkəb adların tərkibində işlənən İsmi adı və azərb. arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İsmixan (bax: ad – İSMİ; XAN) kişi adı ismi/adı xan olan (adam), İsmi xan anlamlarındadır.

XX əsrdə İsmixan kişi adı da, İsmixanov, İsmixanlı soyadları da məişətimizdə geniş yayılmış antroponimlər sırasında olmuşdur. Adın daşıyıcıları arasında tanınmış şəxslərdən biri də respublikada xarici dilin tədrisi sahəsində uzun müddət çalışmış, sovet dövründə repressiya dalğasından yan keçə bilməyən, ingilis dili mütəxəssisi, tələbələrin iftixarla xatırladıqları İsmixan Rəhimovdur. Qazaxıstanın Medeus bölgəsində yerləşən İsmixan məscidi ölkənin əsrlərdən bəri öz ciddi və mühafizəkar görkəmi ilə gələnlərin heyrətinə səbəb olan çoxsaylı tarixi abidələrdən biridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti