Paytaxtı: Əbu-Dabi şəhəri
Sahəsi: Təxminən 83,600 km²
Əhali sayı: Təxminən 10 milyon
Etnik tərkibi: Ərəb, hind, pakistanlı, banqladeşli, filippinli və digər millətlərdən ibarətdir.
Rəsmi dili: Ərəb dili
Valyutası: Birləşmiş Ərəb Əmirlikləri dirhəmi (AED)
BƏƏ Asiyanın cənub-qərbində, Ərəbistan yarımadasının şərqində yerləşir. Qonşuları şimalda Fars körfəzi, qərbdə və cənubda Səudiyyə Ərəbistanı, cənub-şərqdə Oman Sultanlığıdır.
Federativ monarxiyadır (7 əmirlikdən ibarətdir: Əbu-Dabi, Dubay, Şarca, Əcman, Umm-əl-Qüveyn, Rəs-əl-Xayma və Füceyrə). Hazırda (2025-ci il) prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır. BƏƏ federativ monarxiya olduğu üçün hər əmirliyin öz hökmdarı var.
İqtisadiyyatı neft və təbii qaz hasilatına əsaslansa da, son illərdə diversifikasiya edilib. Neft və qaz ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir. Dubay və Əbu-Dabi dünyaca məşhur turizm mərkəzləridir. BƏƏ həmçinin qlobal bankçılıq və investisiya mərkəzlərindən biridir. Cəbəl Əli Limanı və Dubay Beynəlxalq Hava Limanı regionun ən işlək ticarət mərkəzlərindəndir. Son illərdə startaplar və süni intellekt sahəsinə böyük sərmayə qoyulur.
Ölkənin iqlimi tropik və səhra iqlimidir. Yay aylarında temperatur 40°C-dən yuxarı qalxa bilər, qışda isə 14-25°C arasında dəyişir. Ölkə ərazisinin böyük hissəsini Ərəbistan səhrası əhatə edir. Şimal və şərq hissədə isə Həcər dağları yerləşir, bu bölgədə daha sərin və rütubətli iqlim müşahidə edilir. Pers körfəzi sahillərində isə manqrov meşələri və duzlu bataqlıq ərazilər mövcuddur.
Burc Xəlifə, Şeyx Zayed məscidi, Palm Cumeirah, Dubay Mall, Ferrari World, Louvre Abu Dhabi və Dubay Çərşənbə Bazarı kimi yerlər məşhurdur.
Təhsil sistemi əsasən ibtidai, orta və ali pillələrə bölünür. Ölkə təhsil sistemi dövlət və özəl sektora bölünür. Dövlət məktəblərində təhsil pulsuzdur və əsas tədris dili ərəb dilidir. Özəl məktəblərdə isə ingilis, fransız və digər beynəlxalq tədris proqramları mövcuddur. Ölkəsə nüfuzlu universitetlər fəaliyyət göstərir. Ölkənin əsas universitetləri: BƏƏ Universiteti, Xəlifə Universiteti, Şarja Amerika Universiteti, Dubay Amerika Universiteti, Nyu-York Universiteti Əbu-Dabi, Zayed Universiteti, Dubay Britaniya Universiteti, Heriot-Watt Universiteti.
Ölkə mədəniyyəti ərəb və İslam ənənələrinə əsaslanır. Qonaqpərvərlik, ailə dəyərləri və dini inanclar önəmli yer tutur. Musiqi və rəqslər, xüsusilə əl-ayala rəqsi məşhurdur. Ərəb qəhvəsi (qahva) və xurma ənənəvi qonaqlıq mədəniyyətinin ayrılmaz hissəsidir. Şahinçilik, atçılıq və dəvə yarışları kimi idman növləri populyardır. Müasir incəsənət və memarlıq inkişaf edib. Dubay və Əbu-Dabi dünyaca məşhur mədəniyyət mərkəzlərinə çevrilib.