Paytaxtı: Madrid şəhəri
Sahəsi: 505,990 km²
Əhali sayı: Təxminən 47 milyon
Etnik tərkibi: Əsasən ispanlar, katalonlar, basklar, qalisiyalılar
Rəsmi dili: Kastiliya ispan dili (rəsmi), katalon, bask, qalisian
Valyutası: Avro (€)
Cənubi Avropada, İberiya yarımadasında yerləşir. Şimaldan Fransa və Andorra, qərbdən Portuqaliya ilə həmsərhəddir.
Parlamentli monarxiyadır. Hazırda (2025-ci il) ölkə başçısı Kral VI Filip (Felipe VI), hökumət başçısı isə Baş nazir Pedro Sançesfitdir.
Ölkə iqtisadiyyatı Avropa İttifaqının (Aİ) dördüncü ən böyük iqtisadiyyatıdır. Əsasən turizm, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna əsaslanır. Avtomobil istehsalı, tikinti, energetika və bank sektoru güclü inkişaf edib. İspaniya Avropanın ikinci, dünyanın isə doqquzuncu ən böyük avtomobil istehsalçısıdır. Ölkədə həm yerli (SEAT, CUPRA), həm də beynəlxalq avtomobil markalarının (Volkswagen, Renault , Peugeot-Citroën, Ford, Mercedes-Benz, Nissan) istehsalı həyata keçirilir. Turizm iqtisadiyyatda mühüm rol oynayır və İspaniya dünyada ən çox turist qəbul edən ölkələrdən biridir. Kənd təsərrüfatında zeytun yağı, şərab, meyvə və tərəvəz ixracı əhəmiyyətlidir.
Ölkədə iqlim müxtəlifdir: şimalda okeanik, mərkəzdə kontinental, cənubda isə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Ölkədə Pireney və Sierra Nevada dağları, Meseta yaylası, Ebro və Quadalaquivir çayları, həmçinin geniş sahillər və meşələr mövcuddur.
Saqrada Familia, Alhambra, Prado Muzeyi, Barselona və Madridin tarixi mərkəzləri, Sevilya Katedrali, Toledo şəhəri, Qranada və Kordovanın tarixi abidələri turistlər üçün maraqlı yerlərdəndir.
Ölkədə təhsil 6-16 yaş arası məcburi və pulsuzdur. Təhsil sistemi isə dörd mərhələdən ibarətdir: məktəbəqədər (0-6 yaş), ibtidai (6-12 yaş), orta (12-16 yaş) və ali təhsil. Orta təhsildən sonra şagirdlər peşə təhsili və ya universitetə hazırlaşa bilərlər. Ali təhsil Bolonya sisteminə uyğundur və universitetlər Avropada yüksək nüfuza malikdir.
Ölkənin əsas universitetləri: Madrid Complutense Universiteti, Barselona Universiteti, Avtonom Madrid Universiteti, Avtonom Barselona Universiteti, Navarra Universiteti, Valensiya Universiteti, Sevilya Universiteti.
Mədəniyyəti zəngin tarixi, incəsənəti və ənənələri ilə seçilir. Flamenko rəqsi və musiqisi, korrida (boğa döyüşləri), festivallar və karnavallar (məsələn, La Tomatina, San Fermín) ölkənin mədəni irsinin əsas hissələridir. İspaniya dünya şöhrətli rəssamlar (Pikasso, Dalí, Qoya) və memarlar (Qaudí) yetişdirib. Mətbəxi paella, tapas və sangria kimi məşhur yeməklərlə tanınır. Futbol isə İspaniya cəmiyyətinin ayrılmaz hissəsidir.