Reklam
Reklam

Tarix terminləri lüğəti

abolisionizm

ing. abolitionism < lat. abolitio – ləğvetmə, məhvetmə

1. Köləliyin ləğv olunması və qulların azad edilməsi uğrunda ictimai hərəkat.

Hələ 1542-ci ildə ispan kralı V Karl hinduları köləyə çevirməyi qadağan edən fərman versə də, onun təsir dairəsi çox məhdud olub. XVII əsrdə köləliyin ləğv edilməsi tələbi ilə ingilis kvakerlər hərəkatı çıxış edib. XVIII əsrin ortalarında isə ingilis parlamentinin üzvü general Ceyms Oqletorp və tərəfdarları bu barədə müvafiq qanunun qəbul edilməsinə çalışıblar. Həmin əsrin sonlarında qulların azad olunması tələbi Avropa maarifçilik hərəkatının əsas ideyalarından birinə çevrilib. Bu dövrdə siyasi partiyaların fəaliyyətində birbaşa iştirakdan imtina edərək mətbuat və açıq çıxışlar vasitəsilə köləliyin ləğvinə yardım etməyə çalışan filantroplar abolisionist adlanıb. Lakin yalnız XVIII əsrin ikinci yarısından – Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkatın yüksəlişindən sonra A. geniş vüsət alıb.

2. Hər hansı qanunun, yaxud institutun ləğvini qarşısına məqsəd qoyan hərəkat.

A. termini belə geniş mənada XX əsrdən etibarən işlədilməyə başlanıb.

See also:

Tarix terminləri lüğəti