adəm bəşər, insan, adam, torpaq mənasındadır.
İslamda olduğu kimi, digər dinlərdə də ilk insanın adındandır. “Quran”da adı çəkilən peyğəmbərlərdəndir. Dini etiqadlara görə, Tanrının yaratdığı, Yer üzünə gələn ilk insan, insan soyunun başlanğıcı və ilk peyğəmbərin adıdır. Bu səbəbdən də bütün dinlərdə Adəmadam, insan, həmçinin təmiz, xoşniyyətli mənasındadır. Mənbələrdə sözün qədim yəhudi dilindəki qırmızı rəng mənasını ifadə etməsi ilə bağlı məlumatlara da rast gəlinir (insan dərisinin qırmızı olması ilə, həmçinin Tanrının ilk insanı yaratdığı gilin rəngi ilə əlaqədar). Dinindən asılı olmayaraq bütün xalqlarda belə bir inam vardır ki, Tanrı Adəmi torpaqdan (gildən, yaxud palçıqdan), Həvvanı isə onun qabırğasından yaradaraq Cənnətə buraxmışdır. Allahın əmrindən çıxan Adəm və Həvva cəzalandırılmışlar, daha dəqiq, Cənnətdən qovulmuşlar. Qeyd etmək lazımdır ki, Adəm antroponimi xristianlarda xüsusi əhəmiyyət daşıyır (yəhudilər nədənsə bu adı əsas ad olaraq övladlarına vermirlər). İngilisdilli ölkələrdə isə Adəm (Adam formasındadır) kişi adı hələ orta əsrlərdən etibarən (XIX əsrin sonlarında qısa fasilə istisna olmaqla) oğlan uşaqlarına verilən geniş yayılmış adlardan idi. İngiltərədə XIII əsrdən populyarlaşmışdır. Adam Vilyam Şekspirin məşhur “As You Like It” (1599) komediyasındakı əsas surətlərdən olan qulluqçunun, Corc Eliotun “Adam Bede” əsərindəki əsas iştirakçılardan birinin adıdır. Avropada adın məşhur daşıyıcıları şotlandiyalı iqtisadçı və filosof Adam Smith (1723-1790), britaniyalı populyar müğənni Adam Faith (Terence Nelhams, 1940-2003) və başqalarını göstərmək olar. Şotlandiyada Adəm adının kiçiltmə forması Adie də işlənir. Nadir hallarda rast gəlinən qadın adı olan Adamina bu addan törəmədir. İtalyan Adamo, ispan Adan və fin Aatami bu adın başqa dillərdə olan variantlarından sayılır. Adamnana irland adıdır, mənası “balaca Adəm” deməkdir. XX əsrin 60-cı illərindən Avropa ölkələrində Adəm adı bir qədər də populyarlaşmışdır. Azərbaycanda Adəm kişi adı XX əsrin ortalarından müşahidəediləcək dərəcədə azalmış şəxs adlarındandır. Soyad kimi formalaşmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti