aqçin sözündəndir. Qeyd etmək lazımdır ki, dilçilikdə Aqşin adının etimologiyası barədə müxtəlif fikirlər mövcuddur. B.Abdullayevə görə, ağtəhər, ağ kimi, ağüzlü, ağçöhrəli mənasındadır.
Yəni Aqşin şəxs adı gözəllik anlamını ifadə edir. Aqşin şəxs adı ilə əlaqədar M.Adilov və A.Paşayev ağ sözünün böyük, çin sözünün qurd mənasında olduğunu göstərirlər. Bu da qədim türk antroponimikasında qurda tapınma, qurda inam ilə əlaqədar antroponimik vahidlərlə bir sistem təşkil edir. Bir çox
tədqiqatlarda isə Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatını yatıran ərəb sərkərdəsi Afşinin (bax: ad – AFŞİN) adının dəyişmiş forması kimi qeyd edilir. Nədənsə bu fikrin tərəfdarları çoxluq təşkil edir. Afşinin çox güclü, tədbirli sərkərdə olması barədə tarixi faktlar da mövcuddur. C.Cabbarlı “Od gəlini” əsərində Afşinin adını Aqçin kimi işlətmişdir. O.Mirzəyevin ”Adlarımız” kitabında məşhur filoloq, alim Cəfər Xəndana istinad edilən belə bir məlumata rast gəlirik ki, “C.Cabbarlı Babək ilə əlaqədar materiallarla tanış olarkən bir dəfə Afşin əvəzinə səhvən Aqşin yazıldığını görür (ərəb əlibasında f bir, q isə iki nöqtə ilə yazı- lır). Bundan sonra o da Elxanın qardaşını məhz belə adlandırmaq qərarına gəlir”. Sonralar “Od gəlini” dramındakı Aqşin adını məhz əsərdəki mövqeyinə görə, məcazi mənada sevən, sevilən qardaş kimi mənalandıranlar az olmadı. Həm də Aqşin adının görkəmli dramaturqun əsərində işlənməsi onun digər obrazlarının adları kimi həyata vəsiqə alması ilə nəticələnmişdir. Əminliklə demək olar ki, məhz C.Cabbarlının “Od gəlini” əsəri Aqşin adının Azərbaycanda geniş yayılmasına səbəb olmuşdur. Adın daşıyıcıları arasında Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Aqşin Əlizadə (1937) musiqimizin inkişafında özünəməxsus xidmətləti olan bəstəkarlarımızdandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti