►Qərb dünyasına inteqrasiya etməyi, Avropa ilə ayaqlaşmağı, müasirləşməyi, dünya ilə əlaqələri genişləndirməyi bildirən ifadə.
İfadə Rusiyanın Avropaya can atdığı dövrlərdə yaranmışdır.
Rus çarı I Pyotr XVIII əsrin əvvəllərindən başlayaraq Rusiyada islahatlar aparır, o cümlədən Avropa ilə əlaqələri genişləndirməyə çalışırdı. Pyotrun, ilk növbədə, Rusiyanı Baltik dənizinə çıxaran Sankt-Peterburqu avropalaşdırmaq planı var idi.
İfadə ilk dəfə A.S.Puşkinin «Mis atlı» (1833) poemasında işlənmişdir. A.Puşkin özü poema haqqında qeydlərində göstərirdi ki, «Avropaya pəncərə» anlayışı italyan yazıçısı Alqarottinin «Rusiya haqqında məktublar»ından meydana gəlmişdir. Böyük şair italyan müəllifinin bu ifadəsini öz əsərində «danışdırdığı» Böyük Pyotrun nitqinə daxil etmiş, lakin ona milli kolorit qataraq dəyişmiş və fərdiləşdirmişdir.
İfadə dilimizdə XX əsrin əvvəllərindən Azərbaycan publisistlərinin yazılarında da geniş işlənməyə başlamışdır.
Məsəllər, deyimlər