Reklam
Reklam

Tarix terminləri lüğəti

Babil

akkad. bāb-ilāni – hərfi mənası: Allahın qapısı

Qədim Mesopotamiyanın Akkad vilayətində şəhər.

B. bəşər tarixində ən iri şəhərlərdən biri, “ilk meqapolis” hesab olunur. B.-in xarabalıqları indiki İraq ərazisində, əl-Hillə şəhərinin yaxınlığında (Bağdaddan 85 km cənubda) yerləşir. B. adı ilk dəfə akkadlı Sarqon (e.ə. 2369–2314) əfsanəsində çəkilir. I Babil sülaləsindən olan Hammurapinin vaxtında (e.ə.1792–1750) B. təkcə Babilistanın deyil, bütün Ön Asiyanın siyasi, iqtisadi və mədəni mərkəzi olub. E.ə. təqribən 1595-ci ildə B. hettlər tərəfindən işğal edilib, e.ə. 1518-ci ildə kassitlərin əlinə keçib, e.ə. 732-ci ildə isə Assuriya dövlətinin tərkibinə qatılıb. II Navuxodonosorun vaxtında (e.ə. 604–562) B. inkişafının ən yüksək mərhələsinə çatıb. Bundan sonra onun tənəzzül dövrü başlayır. E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin sərkərdələrindən olan Selevk tərəfindən işğal edilən B.-in əhalisinin çoxu yaxınlıqda salınmış Selevkiya şəhərinə köçürülür. Bundan sonra B. əhəmiyyətini itirərək eramızın II əsrində tam süquta uğrayır.

Tarix terminləri lüğəti