►Allahın böyüklüyünü, mərhəmətini və lütf edərək insanların günahlarını bağışladığını bildirmək üçün işlədilən ifadə.
Alman dilindən alınmış bu ifadə böyük şair Henrix Heyneyə (1797–1856) məxsusdur.
«Henrix Heyne. Xatirələr» (1856) kitabında şairin yaxın dostu olmuş Alfred Meysner (1822–1885) yazır ki, 1856-cı il fevralın 16-dan 17-nə keçən gecə, Heynenin ölümünə bir neçə saat qalmış şairin otağına bir nəfər təlaşla daxil oldu ki, onunla son dəfə görüşsün. Həmin adam Heyneyə Allaha necə münasibət bəsləməsi ilə bağlı bir sual da verdi. Böyük şair təbəssümlə ona bu sözləri dedi: «Narahat olmayın, əzizim, Allah məni bağışlayacaq – bu onun peşəsidir».
Başqa bir versiyaya görə isə (Honkur qardaşları. «Gündəlik», 1863) görkəmli şair eyni sözlərlə onun Allah tərəfindən bağışlanması üçün dua edən katolik xanımına müraciət etmişdir.
Bütün hallarda H.Heynenin bu sözləri ömrünün son saatlarında onun Allahın böyüklüyünə və mərhəmətinə olan inamının ifadəsi kimi qəbul edilir.
Məsəllər, deyimlər