►Hər hansı işdə ölçünü, mizan-tərəzini pozmaq, bir şeyi qədərindən, lazım olduğundan artıq eləmək, ifrata varmaq.
İfadə M.F.Axundzadənin «Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur» pyesindən qaynaqlanaraq məşhurlaşmışdır.
Böyük maarifçi ədibin gizli sətiraltı mənalarla zəngin olan bu pyesində Qərb və ozamankı Şərq düşüncəsi, insanların həyata, dünyaya baxışı, iki təfəkkür tərzi arasındakı fərqlər, bu fərqin tən ortasında yerləşən Azərbaycan həyatı, elmsizlik və nadanlıq mühiti ustalıqla təsvir edilir. Əsərin dramaturji xətti bu nadanlıq mühitindən yaxa qurtarıb Parisə oxumağa getmək istəyən Şahbaz bəylə gəncin bu niyyətinə qarşı çıxan nişanlısı Şərəfnisə və onun anası Şəhrəbanu xanımın mübarizəsi üstündə qurulmuşdur.
Qadınlar Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün cadugər dərviş Məstəli şaha müraciət edirlər. O isə, öz növbəsində, cinlərin köməyi ilə Parisi «dağıtmağa» qərar verir. Bax bu «dağıtma» prosesində fırıldaqçı dərvişin köməkçisi Qulaməli barıtı çox elədiyindən evin bir hissəsi dağıntıya məruz qalır. Buna görə də dərviş Məstəli şah öz köməkçisinə «kül başuva, Qulaməli, bu qədər də barıt tökəllər» demək məcburiyyətində qalır.
Məsəllər, deyimlər