Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞINA KÜL TÖKMƏK

►Bədbəxtliyə düçar olmaq, qiymətli bir şeyin əldən çıxmasına kədərlənmək, özünün, yaxud əziz adamlarının bədbəxtliyinə yanmaq.

İfadənin qədim yunan kitabələrindən və «İncil»dən qaynaqlandığı güman edilir.

Qədim zamanlarda bir çox xalqlar arasında adət halı almış bir rituala görə, insanlar özünün və ya başqasının halına, bədbəxtliyinə yananda, sonsuz kədərlə üzləşəndə başlarına kül (və ya torpaq) tökərmişlər; məsələn, Homerin «İliada»sında ən yaxın dostu Patrokl öləndə Axillesin hər iki əli ilə külü götürüb başına tökməklə öz kədərini ifadə etdiyindən bəhs olunur.

Bəzi tədqiqatçılar bu ifadənin Şərq dillərinə keçməsini Firdovsinin «Şahnamə»si ilə əlaqələndirirlər. Həmin əsərdə göstərilir ki, İrəcin ölüm xəbərini eşidən bütün qoşun əhli ağlayıb başına kül tökür.

Dilimizdə «başına kül qoyum», «kül başına», «başıma nə kül töküm?» kimi ifadələr də geniş yayılıb. Bundan başqa, birisini aldatmağı, tovlamağı, başını bişirməyi bildirmək üçün «başını külləmək» söz birləşməsi də işlədilir.

Məsəllər, deyimlər