Reklam
Reklam

Məsəllər, deyimlər

BƏXTİNƏ OX ATMAQ

►Bəxtini, taleyini sınamaq, qismətini yoxlamaq.

İfadə qədimdə mövcud olmuş inanclarla bağlı yaranmışdır.

Bəzi məxəzlərə görə, qədim insanlar ova getməzdən əvvəl ovlayacaqları heyvanın rəsmini çəkib müəyyən məsafədən həmin şəklə ox atarlarmış. İlk zamanlar daha çox adət, vərdiş, ustalıq məqsədi daşıyan bu hərəkət tədricən rəmzi, mistik, sehrkarlıq keyfiyyəti qazanıb. Burada hətta maqnetizmin müəyyən əlamətləri özünü göstərir.

Qədim zamanlarda, adətәn, gənclәr ox atar, ox hara düşsә, oradan evlənər və orada ev qurardılar. Habelә ev, ocaq ilahәsinə ox atıb bəxti sınayardılar. Bir çox xalqlarda ocaq, ev qadın timsalında tәsәvvür edilirdi ki, bu hal matriarxat hәyat tәrzi ilә әlaqәdar idi. İbtidai qәbilә quruluşunun qalığı olan ocaq kultu qədim yunanlarda da mövcud olmuşdu. Orada müqәddәs ocaq ilahәsi Hestiya hesab edilirdi.

Görünür ki, qәdimlәrdә atılan oxun nişana, hədəfə dәymәmәsi olduqca mәnfi qiymәtlәndirilib şəxsin qabiliyyәtsizliyini әks etdirirdi. Odur ki tarixən dilimizdəki «oxu boşa çıxmaq», «oxu daşa dәymәk» ifadələri «bәxti, taleyi gәtirmәmәk» mәnasını kәsb edib.

Məsəllər, deyimlər