►Heç nəyin əbədi olmadığına, o cümlədən ətrafda baş verən bəd hadisələrin, qəm və kədərin keçici olduğuna təsəlli kimi işlədilən ifadə.
İfadə Süleyman peyğəmbərlə bağlı el arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətə görə, məşhur bir zərgər ruh düşkünlüyünə düçar olmuş çar Süleymana elə bir üzük düzəltməli imiş ki, həmin zinət əşyası çarın ruhunu oxşayıb onu öz əvvəlki vəziyyətinə qaytara bilsin. Dünyagörmüş zərgər Süleymana adi bir üzük düzəldir və məsləhət görür ki, həyatının ən kədərli və həm də ən xoşbəxt məqamlarında üzüyün içəri hissəsində yazılmış «Həyatda hər şey keçir, bu da keçər» hikmətini oxusun. Zərgər onu inandırır ki, həmin yazıya baxsa, hökmdar həyatda baş verən hər şeyə bir filosof kimi yanaşacaq və ətrafında gedən proseslərin fəlsəfəsini fərqli şəkildə qavrayacaq.
Başqa bir versiyaya görə, bu sözlər «bu da keçər» şəklində Süleyman peyğəmbərin özünə məxsus olmuşdur. Fərziyyələrə görə, çar Süleyman daim barmağında həmin sözlər yazılmış üzük gəzdirərmiş.
İlk dəfə bu rəvayət barədə Valter Skottun 1813-cü il noyabrın 6-da Con Bayrona yazdığı məktubda söhbət açılmışdır. Həmin məktubda da bu əhvalatın bir ehtimal və ya sadəcə güman olduğuna işarə vurulur.
Məsəllər, deyimlər