Reklam
Reklam

Məsəllər, deyimlər

BUZLAR SINIR

►Uzun müddət durğun qalmış bir işdə sükunətin pozulması, tərpəniş, adətən, müsbət istiqamətdə hərəkətin başlanması.

İfadə rus ədibləri – İlya İlf və Yevgeni Petrovun məşhur «12 stul» (1928) əsərindən qaynaqlanaraq yayılmışdır.

Əslində, bu qanadlı ifadə fransız dilindən (rompe la glace) rus dilinə keçmişdir. Adıçəkilən əsərdə isə bu ifadə romanın aparıcı personajlarından olan və gizlədilmiş dəfinəni, qiymətli daş-qaşı cidd-cəhdlə axtaran Ostap Benderin dilindən səslənir. O, stullarda gizlədilmiş zinət əşyalarının qiymətini Vorobyaninovla müzakirə edərkən replikalarının birində «İclas davam edir! Möhtərəm andlı hakimlər, gördüyünüz kimi, buz sındı...» ifadəsini işlədir.

Müasir KİV dilində müəyyən bir sahədə yaxşılığa doğru addımların atılmasını bildirmək məqsədilə bu ifadə geniş işlənir. Eyni zamanda dilimizdə münaqişə edən tərəflər arasında gərginliyin azalmasını və münasibətlərin yumşalmasını bildirmək üçün «buzlar əriyir» frazeoloji birləşməsinə də rast gəlinir.

Məsəllər, deyimlər