►Mənasız ömür sürən, heç nəyə yaramayan, varlığı ilə yoxluğu bilinməyən, həyatda heç bir məqsəd güdməyən insanlar haqqında işlədilən ifadə.
İfadə xristianların müqəddəs kitabı olan «Bibliya» süjetlərindən qaynaqlanır.
Həmin süjetlərin birində sanki ruhu bədənindən uçmuş, amma hələ də Allaha ibadət edən «ayaq üstə ölmüş» adamdan, «canlı meyit»dən söhbət gedir. İfadə rus ədəbiyyatından tərcümə ilə Azərbaycan dilinə keçmişdir. Bədii ədəbiyyatda «canlı meyit» ifadəsini ilk dəfə A.Puşkin «Poltava» poemasında işlətmişdir. Amma ifadə daha çox L.N.Tolstoyun (1828–1910) ötən əsrin əvvəllərində (1901) səhnəyə qoyulmuş «Canlı meyit» pyesindən sonra məşhurlaşmışdır.
L.Tolstoyun pyesinin qəhrəmanı olan, yaşadığı həyətdə cana doymuş zadəgan Fyodor Protasov intihar hadisəsini səhnələşdirir, guya özünü öldürür və bundan sonra xəlvətcə kasıblar arasında yaşamaqda davam edir. Yəni o, hüquqi cəhətdən ölmüş sayılır, əslində isə «canlı meyit» kimi yaşayır. Düzdür, müəyyən müddətdən sonra işin üstü açılır və F.Protasov bu dəfə həqiqətən intihar etməli olur.
Məsəllər, deyimlər