Çapay kişi adı ilə bağlı adətən belə məlumatlar əldə etmək olur: a) çapmaq feilinin kökündən və -ay şəkilçisindən düzəlib, “çapan, atsürən” deməkdir; b) tanınmış, məşhur, müdrik, şöhrətli mənasında olan “çab” və ay sözlərinin birləşməsindən yaranmışdır və s. Bu izahlar bəlkə də inandırıcı görünə bilər.
Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, XX əsrin iyirminci illərinə qədər Azərbaycanda belə ad olmamışdır. Əsasən otuzuncu illərdən etibarən dünyaya gələn oğlan övladlara verilən Çapay adı əllinci illərdən etibarən nəzərəçarpacaq dərəcədə azalmışdır. Bir məsələyə fikir vermək lazımdır ki, ötən əsrin iyirminci illərindən soyadların sonluqları kütləvi şəkildə -ov, -yev şəkilçiləri ilə əvəz edildi. Əgər bu qayda ilə Çapay adının sonuna -yev şəkilçisi artırılarsa, Çapayev soyadı yaranar. Bir məsələ də məlumdur ki, sovet hakimiyyətinin ilk illərində valideynlər yeni doğulmuş körpələrinə bolşevik hərəkatının liderlərinin adlarını verirdilər. Məsələn, Feliks (Dzerjinskinin adı), Voroşilov (soyad olsa da, ad olaraq verilirdi) və s. Çox ehtimal ki, Çapay şəxs adı da yuxarıda qeyd etdiyimiz şəkildə yaranmışdır və rus dilindən keçmə adlardandır. Bu ehtimalı təsdiq edən bir fakt da görkəmli Azərbaycan şairi S.Rüstəmin zamanında həddən artıq məşhur, orta və yaşlı nəslin xatirindən bu gün də çıxmayan, bolşevik hərəkatının fəallarından olmuş, ağqvardiyaçılara amansız divan tutmağı ilə şöhrəti yeni yaranan sovet dövlətinin hər yerinə yayılmış Çapayevi mədh edən “Çapayev” şeiridir (orta məktəb dərsliyinə salınmış şeirlərdən idi). Dediklərimizi təsdiq etmək üçün şeirdən bir neçə sətrə nəzər salmaq kifayətdir:
Çapay keçir hücuma, Yel kimi cuma-cuma...
Çap çaylardan, Çapayım, Doğsun günaçim, ayım.
Beləliklə, nümunədən də aydın görünür ki, Çapay kişi adı XX əsrin əvvəllərində bolşevik hərəkatının fəallarından olmuş Çapayevin adı ilə əlaqədardır. Məişətimizə XX əsrin iyirminci illərindən daxil olmuş Çapay əsrin sonlarında dəbdən düşmüş kişi adlarındandır. Adın daşıyıcılarından geologiyamineralogiya elmləri doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Çapay Sultanov (1936) həm də Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvüdür.
Azərbaycan şəxs adlarının izahlı lüğəti