Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏBRAYIL qəd. yəhudi dil.

Cabrayıl Allahın əsgəri, Tanrının döyüşçüsü mənasındadır. Dini şəxs adları sırasında olan Cəbrayıl, rəvayətə görə, Tanrının əmr, sərəncam və göstərişlərini peyğəmbərlərə yetirən mələyin adının ərəbcələşdirilmiş formasıdır.

Əvvəl “Tövrat”, sonra “Quran” xəbər verir ki, Allah öz istəyini yerinə yetirərkən bir neçə mələyin xidmətindən istifadə etmişdir. Yəhudi, xristian və İslam rəvayətlərindən belə məlum olur ki, onların arasında ən vacib hesab olunan mələk Cəbrayıldır. Allahın məsul tapşırıqlarını məhz onun yerinə yetirməsi ilə bağlı dini hekayələr kifayət qədərdir. Bu həmin mələkdir ki, qoca Zəkəriyyəni atan bakirə Məryəmi ana edir, nəhayət, “Quranı” hissə-hissə Məhəmmədə çatdırır və s. Cəbrayıl adının tərcüməsini ərəb dilində axtarmaq düzgün deyildir. Çünki İslam hədislərinə o, “Tövrat” əfsanələrindən düşmüşdür. Burada onun adı Qavriildir. Prof. L.Uspenskiy onu “Allahın döyüşçüsü”, fransız publisisti Leo Taksil isə “Allahın adamı” kimi tərcümə etmişdir. Bu gün məişətimizdə əsasən orta və yaşlı nəsil arasında Cəbrayıl şəxs adına kifayət qədər rast gəlinsə də, gənc nəslin nümayəndələri arasında, demək olar ki, təsadüf olunmur. Azərbaycanda addan formalaşmış Cəbrayılov, Cəbrayılzadə, Cəbrayıllı soyadları geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti