Reklam
Reklam

Məsəllər, deyimlər

ÇIRAQ YANDIRAN

►Xələf, bir işi davam etdirən, bir nəslin davamçısı, təmsilçisi.

İfadə zərdüştilikdə mövcud olmuş adətlərdən qaynaqlanır.

Qәdim zәrdüştiliyә görә, ölәn adamın yanında (atәşpәrәstliyә görә, meyit basdırılmırdı, üç gün evdә qaldıqdan sonra daxmaya qoyulur vә quşlara yem olurdu) üç gecə fasiləsiz çıraq yandırılmalı idi. Bu, ölәndәn yalnız üç gün sonra ruhun bədəni tәrk etməsi ilə izah olunurdu. Odur ki sahibsiz qalmış cəsədә bәdxah ruhların sahib ola bilmәmәsi üçün ölәnin başı üstündә üç gün üç gecә çıraq yandırılırdı. Bu müddətdә ölәn üçün çıraq yandırıb onun yanında qalmaq, onun ruhunu qorumaq, adәtәn, övladların borcu idi. Odur ki şәxsin övladı varsa, onun dәrdi yoxdur, çünki onun «ölәndәn sonra çırağını yandıranı» vardır. Әn qәdimdә bu çıraq mütlәq meyitin baş tərəfində və tәdricәn qәbri üzәrindә yandırılırdı.

Göründüyü kimi, «çıraq yandıran» ifadəsi «çıraq yandırmaq» ifadəsinin birbaşa mənasından fərqli olaraq frazeoloji söz birləşməsi kimi tam başqa məna kəsb edir və bir işin davamçısı, bir nəsli davam etdirmək anlamında işlədilir. Bu ifadə «goruna (qәbrinә) çıraq tutmaq (yandırmaq)», «qәbri üstә çıraq yandırmaq» kimi də işlədilir.

Dilimizdə fərqli mənalar ifadə edən «çırağı sönmək» (sonu çatmaq, məhv olmaq), «çıraq yanan vaxt» (hava qaralan vaxt, axşamüstü), «çıraq sönən vaxt» (yatmaq vaxtı, adamlar yatan vaxt), «çıraqla axtarsan, tapa bilməzsən» (çox çətin tapılan, az ələ düşən şey haqqında) kimi ifadələr və «Gündüz çıraq yandıran axşam qaranlıqda qalar» atalar sözü də var.

Məsəllər, deyimlər