Reklam
Reklam

Məsəllər, deyimlər

DAMOKL QILINCI

►Daimi qorxu, gərginlik və narahatlığı, insanın başı üzərindәn әskik olmayan tәhlükәni vurğulamaq üçün işlədilən ifadə.

İfadə Siseronun (e.ə. 106–43) bәhs etdiyi qәdim yunan әfsanәsi ilә әlaqәdar yayılmışdır.

E.ə. 405-ci ildə Dionisi adlı sərkərdə yunanların Siciliyada ən mühüm şəhəri olan və çiçəklənmə dövrünü yaşayan Sirakuzanın hökmdarı oldu. Onun hakimiyyəti illərində Sirakuzanın qüdrəti artmaqda davam etdi. 390-cı ildən Dionisi, demək olar ki, bütün Siciliyaya, hətta İtaliya «çəkməsinin» bəzi ərazilərinə də nəzarəti ələ keçirmişdi. O, hökmranlıq etdiyi 40 ilə yaxın dövrdə hakimiyyəti uzun müddət özündə saxlamaq üçün hiylə və fitnə-fəsadlara əl atmışdı; çünki hər bir yunan şəhəri daim üsyan ab-havası ilə yaşayır, inqilablar hakimiyyətdə olanları bir-birinin ardınca taxtdan salırdı. Bu səbəbdən də Dionisi genişşaxəli casus şəbəkəsi yaradaraq bir anlığa belə ehtiyatı əldən vermir, mühafizəçiləri həmişə yanında olur, heç kimə və heç nəyə inanmırdı.

Bir dəfə saray əyanlarından olan Damokl onun şan-şöhrətinə həsəd aparanda Dionisi ona öz hakim kreslosunu təklif edir. Heç olmasa, bir günlüyə də olsa onu əvəz eləməyə razı salır. Damokl razılaşır və axşam ziyafətində masanın yuxarı başında əyləşir.

Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. Yuxarı baxır və başı üzərində sıyrılmış iti qılınc görür. Qılınc bircə tüklə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, bütün axşamı boğazından bir tikə keçmədən, beləcə tərpənməz oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.

Dionisi bununla hər bir hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçdiyini vurğulayır. Buna görə də insanı gözləyən təhlükədən danışarkən onun başına nə vaxt və nələrin gələcəyi haqda bir söz demək mümkün olmayanda «Damokl qılıncı» ifadəsi işlədilir.

Məsəllər, deyimlər