Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DƏMİRÇİ azərb.

damirçi sözündəndir. Dəmirçi antroponiminin Şahsevən türk tayfasının bir qolunu təşkil edən Dəmirçilər etnonimi əsasında əmələ gəlməsi barədə Azərbaycan Sovet ensiklopediyasında məlumat verilir. Bəzi mənbələrdə isə Dəmirçi kişi adı qədim peşə-sənət adlarına aid edilir. Məlum olduğu kimi, Azərbaycan dilində dəmirçi əslində dəmirlə işləyən, dəmirdən müxtəlif şeylər düzəldən, yaxud da dəmirdən olan əşyaları təmir edən ustadır.

Mənbələr sübut edir ki, dəmir ta qədimlərdən Azərbaycanın hər yerində yayıldığından, məişətdə ehtiyac hiss edilən metal olduğundan dəmir işi ilə məşğul olan ustaya – dəmirçiyə də həmişə ehtiyac olmuşdur. Müharibələr zamanı erkən dövrlərdə silah hazırlamaqla məşğul olan dəmirçilər sonrakı dövrlərdə püxtələşmiş, inkişaf etmiş yeni silah növlərinin təmiri ilə məşğul olmuşlar. Müasir dövrdə də dəmirçilərin köməyinə ehtiyac hiss edilidiyindən, ölkəmizdə az da olsa, dəmirçi emalatxanalarına rast gəlmək olur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Dəmirçi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycanda da, Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgələrdə də tərkibində adın işləndiyi Dəmirçiyev, Dəmirç(i)əlov, Dəmirç(i)əlli soyadları geniş yayılmışdır. Bütün bunlar yaxın keçmişə qədər Dəmirçi kişi adının geniş yayıdığına dəlalət edir. Adın daşıyıcılarından görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadənin Azərbaycan dilinin tədqiqi, öyrənilməsi sahəsindəki xidmətləri çox böyük olmuşdur. Əminliklə demək olar ki, alimin onomastika sahəsinin də daxil olduğu dilçiliyin leksikologiya bəhsi ilə əlaqədar tədqiqatları bu gün də öz aktuallığını saxlamışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti