yun. diaspora – səpələnmə
Xalqın, etnosun mənşə etibarilə bağlı olduğu ölkədən, tarixi vətənindən kənarda yaşayan hissəsi.
D. sadəcə fərdlərdən ibarət deyil, onun formalaşması üçün xalqın xaricdəki nümayəndələrinin yaşadıqları ölkədə həmrəylik nümayiş etdirməsi, bir-biri və vətənləri ilə sıx əlaqə yaratması, öz milli kimliklərini, mədəniyyətlərini qorumaq üçün sosial institutlar yaratması vacibdir. Əksər ölkələr üçün D. ilə əlaqə xarici siyasətin mühüm istiqamətlərindən biridir. D. tarixi vətəninin iqtisadi və mədəni inkişafında dəyərli rol oynaya və onun xaricdə siyasi-iqtisadi maraqlarının ifadəçisi kimi çıxış edə bilər. Bu termin ilk dəfə e.ə. VI əsrin əvvəlində Babilistan hökmdarı, daha sonra isə eramızın I–II əsrlərində romalılar tərəfindən qovularaq Fələstindən kənarda yaşamağa məcbur olmuş yəhudilərə aid edilib, sonradan digər uyğun milli və dini qruplar haqqında da işlənib.
Tarix terminləri lüğəti