Reklam
Reklam

Məsəllər, deyimlər

DOLLAR DİPLOMATİYASI

Kiçik dövlәtlәri iqtisadi cәtdәn әsarәt altına almaq vә onları iri xarici banklara və sәnaye kompaniyalarına tabe etmәk siyasәti.

İfadә ilk dəfə onu işlətmiş ABŞ prezidenti Vilyam H.Taftanın adı ilə bağlıdır.

1909–1913-cü illәrdә ABŞ-ın prezidenti olmuş Vilyam Hovard Tafta Latın Amerikası ölkәlәrində ABŞ-ın fəallaşmasını әsaslandırmağa çalışırdı. Onun obrazlı ifadә kimi işlәtdiyi «dollar diplomatiyası» elә bir siyasәti sәciyyәlәndirirdi ki, həmin siyasətdə dollar sanki güllә, mәrmi rolunu oynayırdı. Bazara daxil olan xarici pul və texnologiya tamamilə yeni iqtisadi mühit yaradır, ölkənin xarici kapitaldan, yəni dollardan asılılığını gücləndirirdi.

Ümumiyyətlə, bu frazeoloji birləşmənin ifadə etdiyi mahiyyət odur ki, ABŞ, Böyük Britaniya kimi böyük dövlətlərin xarici siyasәtdә istifadә etdiklәri metod ölkənin iqtisadi vә siyasi mәnafeyini qorumağa xidmət edir.

Analoji yolla düzәlmiş «atom diplomatiyası» ifadәsi atom silahına sahib olan ölkәnin başqa ölkәlәrә tәzyiq siyasәtini sәciyyәlәndirir. Әsasәn, Amerikanın xarici siyasәt metodunu әks etdirәn bu ifadә 1945-ci ildәn tətbiq olunmağa başlamışdır. ABŞ-ın 1945-ci il avqustun 6-da Xirosimaya, avqustun 9-da isə Naqasakiyә atom bombası atmasından sonra ifadə həmin hadisәlərə bir işarә kimi işlәdilir.

Son illərdə mətbuatda «kürü diplomatiyası» birləşməsinə də rast gəlinir.

Məsəllər, deyimlər