Reklam
Reklam

Məsəllər, deyimlər

ƏSNƏK ƏSNƏK GƏTİRİR, HEYİF SAMANLIQDAKINA

►Məsələni ayırd etməmiş adamı haqsız cəzalandırıb sonra onun etdiyi hərəkətin cinayət olmadığını təəssüflə bildirən ifadə.

İfadə xalq arasında yayılmış əhvalatla bağlıdır.

Əhvalatda deyilir ki, evə gəlmiş qonaq çay-çörək yeyib-içəndən sonra ev yiyəsi ilə söhbət edir. Hər ikisi olub-keçəndən, başlarına gələndən gecəyarısına qədər danışır. Ev yiyəsinin arvadı da oturub onlara qulaq asırmış.

Birdən ev yiyəsi fikir verib qonağın əsnədiyini və bundan bir qədər keçməmiş arvadın da əsnəməyə başladığını görür. Bu iş bir neçə dəfə təkrarlanandan sonra ev yiyəsi burada bir sirr olduğunu və onların bir-biriylə işarə ilə danışdıqlarını yəqin edir.

Arvadının bu hərəkətindən əsəbiləşən ev yiyəsi onu aparıb samanlıqda öldürür və özü evə qayıdır. Heç bir hadisə baş verməyibmiş kimi yenidən qonaqla üz-üzə oturub söhbətə başlayır. Qonaq yenə bir qədər danışdıqdan sonra əsnəyir, bu dəfə əsnək ev yiyəsinə də keçir: o özünü saxlaya bilməyərək tez-tez əsnəməyə başlayır. Yalnız bu zaman arvadını nahaq yerə öldürdüyünü başa düşür. Gördüyü işdən peşman olaraq özünə deyir: «Əsnək əsnək gətirər, heyif samanlıqdakına».

Məsəllər, deyimlər